Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krımın strateji obyektinə zərbələr endirib

Oktyabrın 30-a keçən gecə Ukrayna Silahlı Qüvvələri ilhaq edilmiş Krımın qərb sahilində hava hücumundan müdafiə sisteminin strateji obyektinə zərbələr endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Komandanlığının mətbuat xidməti məlumat yayıb. Ukrayna Silahlı Qüvvələri hücumla bağlı başqa təfərrüatları açıqlamayıb.

Ukrayna Silahlı Qüvvələrinin Strateji Komandanlığı eləcə də Rusiya qoşunlarının işğal etdiyi Luhansk ərazisində "S-400" hava hücumundan müdafiə sisteminin məhv edildiyini bəyan edib.

Astra Telegram kanalındakı mənbənin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin Tarxankut burnundakı Olenevka kəndi yaxınlığında yerləşən Hava Hücumundan Müdafiə Raket Alayına endirilən raket zərbəsi 17 hərbçinin yaralanmasına səbəb olub.

Baza Telegram kanalının bildirdiyinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Olenevkadakı Hava Hücumundan Müdafiə Bazasına hücumu ATACMS raketi ilə həyata keçirib.

Rusiya qoşunları oktyabrın 30-u Odesa vilayəti ərazisinə raket hücumu həyata keçirib. Nəticədə gəmi təmiri zavodu zədələnib, iki nəfər yaralanıb. Bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib. Rusiya Müdafiə Nazirliyi hücumla bağlı şərh verməyib.

"Düşmənin hədəfi gəmi təmiri zavodu olub. Hücum nəticəsində yanğın baş verib və xilasedicilərimiz tərəfindən dərhal söndürülüb. Müəssisənin inzibati binasına və avadanlıqlarına ziyan dəyib. 2 nəfər xəsarət alıb" - deyə, Kiper Telegram kanalında yazıb.

Daha sonra Odessa Vilayət Prokurorluğu gəmi təmiri zavodunun atəşə tutulması nəticəsində 4 nəfərin xəsarət aldığını, onlardan ikisinin xəstəxanaya çatdırıldığını, daha iki nəfərə isə yerində tibbi yardım göstərildiyini bildirib.

Bazar ertəsi səhər saat 8:33-də Odessa vilayətində hava hücumu xəbərdarlığı elan edilib. Daha sonra Ukrayna mediası Odessa ərazisində bir sıra partlayışlar barədə məlumat yayıb.

Xarkiv Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, Rusiya hərbçilərinin Xarkiv vilayətindəki terminala raket hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.