Zelenski martın 22-də hər iki tərəfin ağır itkilər verdiyi və aylardır davam edən gərgin döyüşlərin episentri Baxmut şəhərinə səfər edib.
Zelenski Baxmutun müdafiəçilərinə ordenlər təqdim edib və cəbhə xəttindəki əməliyyat vəziyyəti barədə məlumatlandırılıb.
"Mən bu gün burada, ölkəmizin şərqində, Donbasda olmaq və qəhrəmanlarımızı mükafatlandırmaq, onlara təşəkkür etmək və əllərini sıxmaq şərəfinə nail oldum. Dövləti, onun suverenliyini və Ukraynanın şərqini qoruduğunuz üçün sizə təşəkkür edirəm" - deyə, Zelenski bildirib.
Ukrayna rəsmiləri çərşənbə günü Rusiyanın pilotsuz təyyarəsinin gecə saatlarında Kyiv vilayətində həyata keçirdiyi hücumu nəticəsində azı 3 nəfərin öldüyü barədə məlumat verib.
Volodimir Zelenski çərşənbə günü Tvitter hesabında Rusiyanın keçən gecə həyata keçirdiyi hücumlarda "İranın 20 pilotsuz uçan aparatından və raketlərdən" istifadə etdiyini yazıb.
Bundan əvvəl Baş Qərargah Ukrayna qüvvələrinin şərq cəbhəsində son 24 saat ərzində 114 hücumu dəf etdiyi barədə məlumat vermişdi.
Rusiya tərəfindən işğal edilmiş Krımın Sevastopol şəhərinin Moskva tərəfindən təyin olunmuş rəsmilər Rusiyanın Qara Dəniz Donanmasının qərargahının yerləşdiyi Qara dəniz limanı ərazisində bərə daşımalarının dayandırıldığını bəyan edib.
Bundan əvvəl isə Sevastopol qubernatoru Mixail Razvojayev şəhərin hava hücumundan müdafiə qüvvələrinin Ukrayna pilotsuz təyyarələrinin hücumunu dəf etdiyini deyib.
Məlumatı müstəqil şəkildə təsdiq etmək mümkün olmayıb və Ukrayna iddia edilən insidentə münasibət bildirməyib.