Zaporijye Atom Elektrik Stansiyasında xarici enerji təchizatı kəsilib

Rusiyanın işğalı altında olan Zaporijye Atom Elektrik Stansiyasında (AES) enerji təchizatı kəsilib. Bu barədə Ukraynanın "Enerqoatom" şirkəti məlumat yayıb.

Şirkətin məlumatına görə, Zaporijye Atom Elektrik Stansiyası öz ehtiyacları üçün istifadə etdiyi yüksək gərginlikli "Dneprovskaya" elektrik ötürücü xəttini mayın 22-nə keçən gecə Rusiyanın stansiyanı atəşə tutmasıdan sonra kəsib. Qəza səhər saat 5:26 radələrində baş verib.

“Güc aqreqatlarının nüvə materialının soyuducu nasoslarının işləməsini təmin etməsi üçün həyati əhəmiyyət kəsb edən enerji itkisindən sonra Atom Elektrik Stansiyasının bütün dizel generatorları avtomatik olaraq işə düşüb. Yanacaq tədarükü on gün kifayət edir” - deyə, məlumatda bildirilib.

"Energoatom"-un məlumatına görə, Rusiya qoşunlarının işğalı zamanı Zaporijye Atom Elektrik Stansiyası yeddinci dəfə söndürülmə rejiminə keçir.

"Zaporijye AES - Rosatom" Teleqram kanalının bildirdiyinə görə, 750 kV-luq yüksək gərginlikli xəttin bağlanması nəticəsində Dnepr və Zaporijye Atom Elektrik Stansiyaları xarici enerji təchizatını itirib. Ehtiyaclar dizel generatorları ilə təmin edilir. Xəttin kəsilməsinin səbəbləri araşdırılır. Hesabatda bildirilir ki, radiasiya səviyyəsi normaldır.

Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporijye Atom Elektrik Stansiyası Rusiya tərəfindən genişmiqyaslı işğalın ilk həftələrində ələ keçirilib. Ukraynalı işçilərin orada işləməyə davam etmələrinə baxmayaraq, syansiya Rusiyanın dövlət korporasiyası Rosatom tərəfindən idarə olunur. Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri də stansiyada fəaliyyət göstərir.