Ukraynanın qadın əsgərləri üçün xüsusi formalar tikilir

Your browser doesn’t support HTML5

Ukraynanın qadın əsgərləri üçün xüsusi formalar tikilir

Ukrayna ordusunda 42 min qadın xidmət edir və Ukrayna Müdafiə Nazirliyi bu yaxınlarda rəsmi olaraq qadın formasını təsdiqləyib.

Ukrayna Silahlı Qüvvələrinin zabiti Mariya qadınlar üçün hazırlanan hərbi formanı ilk dəfə geyir. "Niyə mən bunu əvvəllər görməmişəm? Əladır".

Soyadını açıqlamayan Mariya deyir ki, hərbi xidmətə başlayandan bəri bu, geyindiyi ən rahat formadır. "Model çox gözəldir. Baxın, şalvar tam olaraq belimdədir, aşağı deyil, yuxarı deyil. Bundan əlavə, onlar tənzimlənir. Lazım gələrsə, onları düzəldə və daralda bilərəm".

Mariya Silahlı Qüvvələrə 2022-ci ilin fevralında, Rusiya genişmiqyaslı işğala başlayan kimi qoşulub. Ukrayna ordusundakı digər qadınlar kimi o da kişi forması aldığını deyir. "Bu, böyük qardaşın forması kimidir. Onlar sizə bunu verirlər və siz onu bədəninizə uyğunlaşdırmalısınız. Ən kiçik çəkmələrin ölçüsü 40-dan başlayırdı, amma mənim ölçüm 36-dır, ona görə də özümə uyğun ayaqqabı üçün uzun müddət gözlədim".

Zabit Olqa Biqar Amerikanın Səsi ilə cəbhə xəttində danışıb. "Biz Baxmut bölgəsindəyik. Ərazinin işğaldan azad edilməsi ilə bağlı tapşırıqları yerinə yetiririk".

Biqar deyir ki, onun şalvarı o qədər pis otururdu ki, çox vaxt yalnız bir missiyaya davam gətirirdi. "Onlar praktiki olaraq birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdu. Döyüş tapşırığına gedirsən, bir neçə dəfə yıxılırsan və tikişlər artıq sökülür".

İndi Olqa Biqar və Mariyanın Ukraynanın "Qadınları İndi Silahlandırın" sosial təşəbbüsünün könüllüləri sayəsində qadınlar üçün hərbi geyimləri var. "Qadınları İndi Silahlandırın" sosial təşəbbüsündən Irina Nikorak: "Biz dünyadakı orduların qadın geyimlərinin nümunələrini topladıq. Lakin NATO standartları və ABŞ-ın uniformaları əsas götürüldü. Həmçinin biz Ukrayna Müdafiə Nazirliyinin kişi geyimləri ilə bağlı tələblərinə də əməl edirik".

Artıq bir ildir ki, könüllülər qadın formaları tikir. Cəbhədə xidmət edən qadınlar uniformaları pulsuz alır, digərləri isə kiçik bir məbləğ ödəyir.

İrina Nikorak deyir ki, onlar məşq meydançalarında təhlükəsizlik və rahatlıq baxımından sınaqdan keçirilib. "Qadın jilet taxırsa, ona gödəkçə vacibdir. Əks halda, artıq parça çoxlu qırışlara səbəb olur. Yayda temperatur yüksək olanda bu artıq parça bədənə sürtülür, narahatlıq yaradır".

Bu ilin avqust ayında Ukrayna Müdafiə Nazirliyi ilin sonunadək hazır olacağı gözlənilən qadınların yay geyimlərini təsdiqləyib. Ukrayna Hərbçi Qadınlar təşkilatından Tatyana Kuçer: "Görünüş baxımından uniforma bizim ümumi hərbi geyimimizə bənzəyir. Onlar qadın bədəninə uyğun hazırlanıb. Kiçik çiyinlər, bir qədər qısa, daha dar qollar və tənzimlənə bilən bel".

Ukrayna Müdafiə Nazirliyi bildirdiyinə görə, Ukrayna ordusunda ümumilikdə 42 min qadın var və onlardan 5 mini döyüş bölgəsində xidmət edir.