Qarşıdan gələn qış mövsümündə Rusiyanın potensial hücumları ilə bağlı narahatlıqlar fonunda bazar ertəsi baş verən qar fırtınası Ukraynanın iki mindən çox şəhər və kəndini elektriksiz qoyub.
Ukrayna Daxili İşlər Nazirliyi fırtına nəticəsində 16 regionda şəhərlərin elektrik şəbəkəsindən kəsildiyini, ən çox Ukraynanın mərkəzi və cənubundakı bölgələrin zərər çəkdiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə çıxışı zamanı elektrik enerjisinin bərpası üzərində çalışanlara təşəkkür edib. O, həmçinin bildirib ki, belə çətin şəraitdə ukraynalılar Rusiyanın müdaxiləsinə qarşı mübarizə aparan hərbçilərə xüsusi minnətdar olmalıdırlar.
Rusiya qüvvələrinin keçən qış mövsümündə Ukraynanın elektrik infrastrukturuna dəfələrlə zərbələr endirməsi elektrik enerjisinin geniş şəkildə kəsilməsinə səbəb olaraq, Ukraynanı təmir işləri ilə məşğul olmaq məcburiyyətində qoyub.
Bazar ertəsi Britaniyanın Müdafiə Nazirliyi son qiymətləndirməsində Rusiyanın çox güman ki, son altı həftə ərzində müharibədə ən yüksək itkilərə məruz qaldığını bildirib.
Britaniya nazirliyinin Ukrayna hərbçilərinə istinadən bildirdiyinə görə, Rusiyanın noyabr ayında hər gün orta hesabla itkiləri mart ayında gündəlik 776 nəfər sayını ötərək, 931 nəfər olub.
"Hərbi kəşfiyyat metodologiyanı yoxlaya bilməsə də, ölənlərin və yaralananların ümumi sayını nəzərə alaraq, rəqəmlər tamamilə inandırıcıdır" - deyə, Britaniyanın Müdafiə Nazirliyi bildirib.