Ukrayna və ABŞ raket zərbələrinin Rusiyanı əhəmiyyətli dərəcədə yavaşlatdığını deyir

Mariupol. 15 iyul, 2022.

ABŞ və Ukrayna rəsmiləri deyir ki, ABŞ-ın Ukraynanı təmin etdiyi raket sistemləri Rusiyaya qarşı mübarizədə böyük təsir göstərir və Ukrayna qüvvələrinə şərqdəki Donbas bölgəsində Rusiya ordusunun qarşısını almağa yardım edir.

Adının anonim qalması şərtilə müharibəni müzakirə edən ABŞ-ın yüksək səviyyəli ordu rəsmisi deyib ki, ABŞ-ın təmin etdiyi raket sistemi HİMARS Rusiyaya qarşı mübarizədə “çox çox əhəmiyyətli təsir göstərir.”

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzianik da HİMARS uzun-mənzilli raket sisteminin oynadığı rolu vurğulayıb.

“Son həftələrdə düşmənin 30-dan çox hərbi logistika obyektləri” məhv edilib, bunun nəticəsində Rusiya qüvvələrinin hücum potensialı əhəmiyyətli dərəcədə azalıb," Motuzianik cümə günü milli televiziyada çıxışında bildirib.

ABŞ-ın təmin etdiyi raketlər Ukraynanın sovet dövrünə aid artilleriyasından daha dəqiq və daha uzun məsafəni qət edə bilir ki, bu da Ukraynaya cəbhə xəttindən daha uzaqda Rusiya hədəflərini vurmağa imkan verir.

ABŞ-ın yüksək səviyyəsi rəsmisi deyib ki, “Rusiya qüvvələri” “Donbas bölgəsində” hər hansı irəliləyiş əldə etsə belə, bu, kiçik irəliləyişlərdir” və Ukrayna qüvvələri onların qarşısını alır.

ABŞ rəmsisi həmçinin Rusiyanın cümə axşamı Ukraynanın mərkəzində Vinnitsa şəhərində ofis binasına hücumunda hərbi toplantını hədəf aldığına dair iddiasını rədd edib. Kyiv həmin hücum nəticəsində uşaqlar daxil olmaqla, 23 nəfərin öldüyünü bildirib.

“Onun yaxınlığında hər hansı hərbi hədəfin olduğuna dair heç bir işarə yoxdur,” rəsmi deyib.

Rusiyanın Müdafiə Nazirliyi cümə günü ordu rəsmiləri ilə xarici silah tədarükçüləri arasında görüşü hədəf aldığını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü gündəlik müraciətində deyib ki, Vinnitsa və başqa yerlərə hücumlardan sonra “işğalçılar terrora ədalətli cavabın nə demək olduğunu hiss etməlidirlər.” O deyib ki, “xüsusilə də, bu, sanksiyalar sayəsində hiss ediləcək. Əlbəttə ki, Ukrayna silahlı qüvvələri mütləq öz cavabını verəcək. İşğalçıların artıq rahat gəcələri olmayacaq.”

Ukraynada döyüşlərin əksəriyyəti şərqdəki Donbas bölgəsində gedir. Bununla belə, Rusiya qüvvələri ölkənin bir çox başqa yerlərini, cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən şəhərləri də müntəzəm şəkildə atəşə tutur. Onlardan biri cümə axşamı hücuma məruz qalan Vinnitsa şəhəridir.

Ukrayna bildirib ki, Vinnitsaya hücum Rusiyanın Qara Dənizidəki sualtı qayığından atılan kruiz raketləri ilə həyata keçirilib.

Ölənlər arasında şəkli viral olan daun sindromlu dörd yaşında bir qız var. Ukrayna rəsmiləri deyir ki, hücumda 100-dən çox insan yaralanıb.

Xilasedici komanda cümə günü dağıntılar altında itkin düşən insanların axtarışını davam etdirib. Şəhər sakinləri güllər və oyuncaq ayı qoyduqları xatirə abidəsi yaradıblar.

Cümə günü Rusiya raketi Dnipro şəhərinə zərbə endirib. Nəticədə üç nəfər ölüb, 15 nəfər xəsarət alıb. Bu barədə qubernatoru Valentin Rezniçenko Telegram kanalında bildirib. Qubernator deyib ki, bir fabrik və onun yaxınlığındakı küçələrə raket atılıb.

Ukrayna hava qüvvələri Dniproya atılan daha dörd raketin qarşısını aldığını bildirib.