ABŞ Müdafiə naziri Ukraynanın Xerson, Xarkov yaxınlığında döyüş meydanında uğur göstərdiyini bildirir

ABŞ-ın müdafiə naziri Lloyd Austin Ukrayna qüvvələrinin iki əks-hücumda döyüş meydanında uğur əlamətləri göstərdiyini və Birləşmiş Ştatların Kyivi Rusiyanın işğalçı qüvvələrinə qarşı döyüşdə “lazım olduğu müddətcə” dəstəkləyəcəyini bildirib.

Austinin sentyabrın 9-da Praqada açıqlamaları Ukrayna qüvvələrinin Xerson vilayətinin cənubunda və ölkənin ikinci ən böyük şəhəri olan Xarkivdan şərq və cənub-şərqdə yerləşən rayonlarda irəliləyiş əldə etdiyinə dair artan dəlillərdən sonra verilib.

Artıq bir neçə həftədir ki, Xerson böyük döyüşlərin diqqət mərkəzində olsa da, Xarkivdan bir neçə gün ərzində yüksək sürətlə hücumlar həyata keçirilib.

“Biz indi Xersonda uğur görürük,” Austin Praqada çexiyalı həmkarı Yana Çernoçova ilə görüşdən sonra jurnalistlərə bildirib. O həmçinin əlavə edib ki, “biz Xarkovda müəyyən uğurlar görürük və bu, çox ümidvericidir”.

Prezident Volodimir Zelenski sentyabrın 8-də gecə saatlarında etdiyi video müraciətində Ukrayna qüvvələrinin son bir həftə ərzində “onlarla yaşayış məntəqəsini azad etdiyini” və 1000 kvadrat kilometrdən çox ərazini Rusiya qoşunlarından geri aldığını iddia edib.

Rusiya rəsmiləri cəbhə zonası və Ukraynanın uğurları berədə heç bir şərh verməsə də, Rusiyayönlü hərbi bloggerlər bir neçə gündür hər iki yerdə cəbhə xəttində baş verən böyük qarşıdurmaları sənədləşdirirlər.

Lakin bunula belə sentyabrın 9-da Xarkovun işğal olunmuş rayonlarına Rusiya tərəfindən təyin edilmiş administrator “Rossiya-24” telekanalına bildirib ki, Ukrayna rəsmiləri şərq bölgəsində “əsaslı qələbə” əldə ediblər.

“İndi vəziyyət kifayət qədər ciddidir. Müdafiəmizin pozulması faktının özü artıq Ukrayna silahlı qüvvələri üçün mühüm qələbədir”, Vitaliy Hançev bildirib.

Sentyabrın 8-də ABŞ rəsmiləri Ukraynaya növbəti 675 milyon dollarlıq hərbi yardım paketi, eləcə də həmin gün Avropada təhlükəsizliyin gücləndirilməsi üçün 2 milyard dollar dəyərində yardım ayrıldığını elan edib. Bununla ABŞ-ın Rusiyanın fevralın 24-də Ukraynaya qarşı hərbi müdaxiləyə başladığı vaxtdan Kyivə göndərdiyi hərbi yardımın ümumi həcmi 15,2 milyard dollara çatdırılıb.