Ukraynanın xarici işlər naziri deyib ki, Kyiv Rusiyanın Ukraynaya qarşı müharibəsində mülki infrastruktura zərbələrini davam etdirdiyinə görə BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılmasını tələb etməyi planlaşdırır.
"Bizim çox sadə bir sualımız var: Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü qalmaq və ümumiyyətlə BMT-də olmaq hüququ varmı? Bizim inandırıcı və əsaslandırılmış cavabımız var – xeyr, yoxdur," xarici işlər naziri Dmitro Kuleba dekabrın 25-də televiziya ilə çıxışında deyib.
Kuleba Ukraynanın dekabrın 26-da öz mövqeyini rəsmən ifadə edəcəyini deyib və Rusiyanın Təhlükəsizlik Şurasında veto hüququna malik daimi yerini saxlamasını davam etməsi məsələsinin artıq BMT-nin diplomatik dairələrində müzakirə olunduğunu iddia edib.
Ukraynanın xarici işlər naziri bildirib ki, Rusiyanın fevral ayında Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədə məğlub olacağı təqdirdə onun qlobal rolunun müzakirə edilməsi artıq tabu deyil.
"Bu məsələ hələ mətbuat konfranslarında və dövlət və hökumət rəhbərlərinin çıxışlarında açıq müzakirə olunmur, lakin daha aşağı səviyyədə insanlar artıq sual verir - Rusiya sülhə təhlükə yaratmamaq və təhlükəsiz olmaq üçün necə olmalıdır?" Kuleba bildirib.
Rusiya ABŞ, Britaniya, Fransa və Çinlə yanaşı BMT Təhlükəsizlik Şurasının istənilən qətnaməyə veto qoymaq hüququna malik olan beş daimi üzvündən biridir. 15 yerlik bu nüfuzlu qurum qlobal böhranlarla mübarizə üçün hərbi əməliyyatlara icazə vermək, BMT Nizamnaməsinə dəyişiklikləri təsdiqləmək və ayrı-ayrı dövlətlərə qarşı sanksiyalar kimi cəza tədbirləri tətbiq etmək də daxil olmaqla çoxsaylı addımlar ata bilər.
Rusiya Ukraynada hava temperatunun aşağı düşdüyü zaman su və enerji mənbələrini hədəf aldığına görə, həftələrdir beynəlxalq hüququ pozmaqda ittiham olunur. Kyiv raket və dron zərbələri ilə həyata keçirilən hücumları qışda əhalini istilikdən məhrum etmək və Ukrayna xalqının iradəsini qırmaq məqsədi daşıyan "enerji terroru" adlandırıb.
Noyabrın 23-də Kuleba Kyiv və Ukraynanın digər şəhərlərində enerji obyektlərini hədəf alan raket hücumları dalğasından sonra Rusiyanın "terrorçu dövlət" kimi tanınmasına çağırıb. Elə həmin gün Ukrayna prezidenti Volodimir Zelenski video vasitəsi ilə müraciəti zamanı Təhlükəsizlik Şurasını mülki infrastrukturu hədəf aldığına görə Moskvaya qarşı sərt addımlar atmağa çağırıb.