Ukrayna ABŞ-dan daha çox hərbi və humanitar yardım alacaq

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 11-ci günü insanlar Ukraynanın qərbində Lviv şəhərinin dəmir yolu vağzalında Polşaya qatar gözləyir, 6 mart 2022-ci il.

ABŞ qanunvericiləri Ukrayna hökumətinin Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizəni davam etdirdiyi vaxt Kyivə daha çox hərbi yardım vəd edir. Qanunvercilərin çoxu bir gün əvvəl Ukrayna prezidenti ilə virtual formatda danışıblar.

Konnektikut ştatından senator Kris Mörfi bazar günü Fox News tele kanalına verdiyi açıqlamada bildirib ki, Konqres tezliklə Ukraynaya müdafiə avadanlığı və mülki şəxslərin təxliyəsi üçün humanitar yardım məqsədilə 10 milyard dollar ayıraraq, təcili maliyyələşdirməni təsdiq edəcək.

Bununla belə, qanunvericilər Rusiyanın hava hücumlarının qarşısını almaq üçün Ukraynanın hava məkanında uçuşa qadağa zonasının tətbiqini mümkün hesab etmirlər.

“Bu, üçüncü Dünya Müharibəsi demək olacaq”, Respublikaçı senator Marko Rubio bazar günü ABC tele kanalına müsahibədə bildirib.

“Hesab edirəm ki, Ukraynanın özünü qoruması üçün edə biləcəyimiz çox şey var... amma düşünürəm ki, insanlar uçuşa qadağa zonasının nə demək olduğunu başa düşməlidirlər”, Rubio qeyd edib.

“Mən heç nəyi istisna etməzdim” - deyə, Qərbi Virciniya ştatından Demokrat senator Co Mançin bazar günü bildirib.

“Prezident Zelenskinin yerində olsaydım, uçuşa qadağa zonasının yaradılmasını xahiş edərdim. Problem ondadır ki, Ukrayna üzərində uçuşa qadağa zonası yoxdur” - deyə, Fox News tele kanalına müsahibədə Demokrat Kris Mörfi bildirib.

Dövlət katibi Antoni Blinkenin bildirdiyinə görə, prezident Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə Ukraynanın əlavə döyüş təyyarələri haqda müraciəti məsələsi ilə bağlı daimi əlaqə saxlayır.

Onun qeyd etdiyi kimi, söhbət, xüsusən, Ukraynaya Polşa təyyarələrinin göndərilməsindən gedir.

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bazar günü Fox News tele kanalına müsahibəsində ABŞ-ı yenidən Ukraynaya raketlərdən müdafiə silahları və digər hərbi yardım ayırmağa çağıraraq bildirib ki, “biz Rusiyaya terrorçu dövlət kimi yanaşmalıyıq”.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Rusiyanın Odessanı bombalamağı planlaşdırdığını bildirib. Zelenski televiziya vasitəsilə verdiyi açıqlamada deyib ki, əgər bu baş verərsə, bu, “müharibə cinayəti... tarixi cinayət olacaq”.

Dövlət katibi Antoni Blinken bundan öncə ABŞ-ın Rusiya hərbi qüvvələrinin Ukraynada mülki şəxslərə hücum etdiyinə dair etibarlı sübutlara malik olduğunu və bu hərəkətlərin müharibə cinayəti kimi qiymətləndirilə biləcəyini deyib. “Biz müəyyən silahlardan istifadə ilə bağlı çox etibarlı məlumatlar görmüşük”, Blinken CNN tele kanalına müsahibədə bildirib.

Rusiya prezidenti Vladimir Putin bazar günü Ukraynada hərbi kampaniyasının plana uyğun getdiyini və ukraynalıların döyüşləri dayandırmasına qədər bitməyəcəyini bildirib.

Putinin açıqlamaları bombardman edilən liman şəhəri Mariupolda evakuasiya cəhdlərinin ardıcıl olaraq ikinci gündür uğursuzluqla nəticələndiyi vaxta təsadüf edir.