Ukrayna dronunun Qara dənizdə Rusiyanın daha bir hərbi gəmisini məhv etdiyini bildirib

Ukrayna silahlı qüvvələri şənbə günü Qara dənizdə Rusiyanın nəzarəti altında olan kiçik Zmiynıy adası yaxınlığında Rusiyanın desant gəmisinin məhv edildiyini əks etdirən görüntülər yayıb.

Ukrayna ordusu bildirib ki, Ukraynanın Bayraktar TB2 dronundan atılan raket Rusiyanın döyüş gəmisini məhv edib. Ukrayna Müdafiə Nazirliyi bildirib ki, silahlı Bayraktar dronu Ukraynanın liman şəhəri Odesanın 130 kilometr cənubunda yerləşən adadakı raketdən müdafiə sistemini də dağıdıb.

Şənbə günü Planet Labs PBC tərəfindən çəkilən peyk görüntüləri Zmiynıy adasının şimal hissəsinin yaxınlığında Serna-tipli eniş gəmisinin olduğu göstərib. Bu da Ukrayna ordusunun onu vuraraq, yanmasına səbəb olduğunu iddia etdiyi video görüntüsü ilə üst-üstə düşür.

Videoda həmçinin adadakı binaların Ukrayna qüvvələrinin dron hücumu nəticəsində dağıldığı iddia olunur.

Zmiynıy adasına hücum Rusiyanın Qara dənizə nəzarət etmək səylərinə əngəl olacaq.

Bu arada isə Ukrayanın cənubi hərbi komandanlığının sözçüsü ölkənin ictimai yayımçısına bildirib ki, şənbə günü Ukraynanın liman şəhəri Odesaya altı raket atılıb.

Amerikanın Səsinin Kyivdəki müxbiri Anna Çernikovanın sözlərinə görə isə, Rusiya qüvvələri tərəfindən mühasirəyə alınan Mariupoldakı polad zavodundan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib.

Ukraynanın Milli Təhlükəsizlik Şurasının rəsmiləri cümə günü bildiriblər ki, Qələbə Günündə Ukraynanın bəzi bölgələrin daha çox atəşə tutula bilər.

Rəsmilər Facebook-da yazıblar: “Rusiya qoşunları Qələbə Gününə qədər cəbhədə heç bir mühüm nailiyyətlə öyünə bilmədiyi üçün, bu günlərdə Ukrayna şəhərlərinin kütləvi şəkildə atəşə tutulması riski artır.”

Ukrayna öz vətəndaşlarına hava hücumu sirenlərini eşidəndə sığınacaq almaları və Rusiya tərəfindən hücumların artacağı gözləndiyi üçün böyük yığıncaqlardan çəkinmələri barədə xəbərdarlıq edib.