Zelenski cəbhə xəttindəki qoşunlara baş çəkib

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı cəbhə xəttindəki qoşunlara baş çəkdiyini bildirib.

Zelenski konkret yer göstərmədən Telegram kanalında hərbçilərlə birlikdə olduğu bir sıra fotolarını paylaşıb.

"Bizim müdafiəçilərimiz. Cəbhə. Bu gün mən döyüşçülərimizi Ukrayna Dəniz Piyadaları Günü münasibətilə təbrik etmək üçün buradayam," Zelenski bildirib.

Prezidentliyin bəyanatında bildirilir ki, Prezident Zelenski xarici səfərdən qayıdarkən Ukrayna silahlı qüvvələrinin Donetsk vilayətindəki Vuqledar-Maryinka ön xətt mövqelərinə baş çəkib.

Rusiya keçən il genişmiqyaslı işğala başladıqdan sonra Ukrayna lideri cəbhə xəttinə bir neçə səfər edib. Son həftələr prezident müttəfiqlərin Ukrayna qüvvələrinə yeni hərbi yardımını əldə etmək və qabaqcıl döyüş təyyarələri göndərilməsini təmin etmək üçün Avropa paytaxtlarına səfər edib.

ABŞ Hərbi Hava Qüvvələri naziri Frank Kendall deyib ki, Ukraynaya F-16-ların tədarükü ilə bağlı qərar qəbul etmək üçün "bir neçə ay tələb olunacaq".

Bazar ertəsi Vaşinqtonda "Müdafiə Yazıçılar Qrupu"nun jurnalistləri ilə görüşən Kendall deyib ki, F-16-lar "ukraynalılara hazırda malik olmadıqları müvəqqəti imkanlar verəcək, lakin bu, dramatik dəyişiklik etməyəcək". O, yerüstü hava hücumundan müdafiə sistemlərinin effektivliyini əsas gətirərək, "hava gücü indiyədək həlledici amil olmayıb" deyib.

"F-16-lar ukraynalılara yardım edəcək, lakin bu, tənliyi kökündən həll etməyəcək," o, əlavə edib.