Zelenski əks-hücum əməliyyatına başlamaq vaxtının çatmadığını deyib

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, qüvvələrinin Rusiya qoşunlarının işğal etdiyi əraziləri geri qaytarmaq üçün çoxdan gözlənilən əks-hücum əməliyyatına başlamağın vaxtı çatmayıb.

Zelenski cümə axşamı yayımlanan Britaniya mediasına müsahibəsində "hələ bir az vaxta ehtiyacımız var" deyib.

Hazırlıqlara Ukrayna qüvvələrinin Qərb tərəfdaşları tərəfindən təlimləri, həmçinin Ukraynanın imkanlarını artırmaq üçün sursat, tank və hava hücumundan müdafiə sistemlərinin göndərilməsi daxildir.

"Bizdə olanlarla da biz irəli gedə və uğur qazana bilərik. Lakin çox sayda insan itirərik. Məncə, bu, qəbuledilməzdir" - deyə, Zelenski bildirib.

NATO Hərbi Komitəsinin sədri, admiral Bob Boer çərşənbə axşamı jurnalistlərə deyib ki, Ukraynanın Rusiyadan daha az əsgəri olduğu halda, daha təkmilləşmiş silahlarla döyüşə biləcək.

Boer "Ruslar kəmiyyətə diqqət yetirməli olacaq. Çağırışçı və səfərbər olunan insanların sayı daha çoxdur. Yaxşı təlim keçməyibər. Avadanlıq köhnədir, lakin çoxdur, yeniləri qədər dəqiq və keyfiyyətli deyil" deyib.

Bu arada, Ukrayna şərqdəki dağılmış Baxmut şəhərinin kiçik, lakin əhəmiyyətli bir mövqedə qələbə qazandığını iddia edib. Xəbərlərə görə, Rusiya briqadası böyük itkilərə məruz qalıb.

Mayın 10-da Ukraynanın şərqindəki Baxmut şəhəri yaxınlığında döyüşən 3-cü Hücum Briqadasının komandirləri döyüşlərdə 64 rus əsgərinin öldürüldüyünü və 5 əsgərin əsir götürüldüyünü bildirib. Ukraynanın məşhur "Azov" batalyonunun qurucusu Andrey Biletski isə video və Telegram kanalında Rusiyanın 72-ci moto-atıcı briqadasının böyük itki verdiyi barədə məlumat yayıb.