Ukrayna sərhəd xəttində hücumları gücləndirir

Bazar ertəsi Ukraynanın cəbhə xəttinin Zaporijye bölgəsi və Donetsk vilayətinin bir neçə bölgəsində döyüşlər gedib və bu, Ukraynanın çoxdan gözlənilən hücumunun başlaya biləcəyinə işarədir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kyivdə verdiyi müsahibə zamanı Ukraynanın Rusiyaya qarşı çoxdan gözlənilən əks-hücuma hazır olduğunu desə də, hücumun artıq başlayıb-başlamaması, və ya nə vaxt başlayacağı ilə bağlı sualı cavabsız qoyub.

Kuleba Ukraynanın Rusiyaya qarşı planlaşdırdığı hücumun müharibənin gedişatını dəyişdirəcəyinə və Ukraynaya öz ərazilərini Rusiyadan geri almağa imkan verəcəyinə əmin olduğunu bildirib. Onun sözlərinə görə, belə bir qələbə Ukraynanın NATO-ya daxil olmasına səbəb olacaq.

Kulebanın dediyinə görə, hərbi alyansa üzv olmaq Ukrayna üçün "yəqin ki" yalnız aktiv döyüşlər başa çatdıqdan sonra mümkün olacaq.

Ukrayna qüvvələri Ukraynanın Zaporijye və Donetsk vilayətləri sərhədində Rusiyaya qarşı hücum əməliyyatlarını artırıb. Lakin Kyiv əks-hücumun başladığı və Rusiya ordusunun Donetsk bölgəsində Ukraynanın genişmiqyaslı hücumunun qarşısını aldığı barədə xəbərləri təkzib edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Reuters xəbər agentliyinin sualının cavabında "Bizdə belə bir məlumat yoxdur və hər hansı bir saxta məlumata münasibət bildirmirik" deyib.

Ukrayna prezidentinin müşaviri Mixailo Podolyak Twitter səhifəsində Ukraynadakı döyüşlərlə bağlı Rusiyanın məlumatlarına etibar etməmək barədə xəbərdarlıq edib.

"Rusiya xəbərləri çoxdan ayrı bir virtual meta-kainata çevrilib" deyə, o yazıb.

Bazar ertəsi səhər saatlarında Rusiya qüvvələrinin Ukraynanın cənubdakı Donetsk vilayətində genişmiqyaslı hücumunu dəf etdiyini iddia edib.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın məqsədinin cəbhə xəttində ən zəif hesab etdiyi ərazini yarmaq olduğunu, lakin bunun "uğurla nəticələnmədiyini" bildirib.

Rusiyanın dediyinə görə, Ukrayna hücumu zamanı altı mexanikləşdirilmiş batalyon və iki tank batalyonundan istifadə edib.

Ukrayna bu iddiaları dezinformasiya adlandıraraq rədd edib.