BMT-nin nüvə agentliyi Ukraynanın Zaporijya atom stansiyasının təhlükəsizliyindən ciddi narahatdır

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) çərşənbə axşamı bildirib ki, Ukraynanın cənubunda Ukrayna və Rusiya qüvvələri arasında gərgin döyüşlərin getdiyi Zaporijya şəhərində Avropanın ən böyük atom elektrik stansiyasının təhlükəsizliyindən “hələ də ciddi şəkildə narahatdır”.

“Mövcud vəziyyət dözülməzdir və Ukraynanın nüvə obyektləri və əhalisinin təhlükəsizliyini təmin etmək üçün ən yaxşı addım bu silahlı münaqişənin indi bitməsi olardı,” stansiyanın yaxınlığında döyüşlərin getməsinə baxmayaraq, BMT-nin nüvə agentliyinin təşkilatın rəhbəri Rafael Qrossi və müfəttişlərdən ibarət qrupun keçən həftə əraziyə baş çəkməsindən sonra açıqlanan yeni hesabatında deyilib.

BAEA stansiyada böyük xəsarət aşkar etdiyini bildirsə də, lakin bunda heç bir tərəfi günahlandırmayıb. Müdaxilə başlayandan hərbi qüvvələri obyektə nəzarət edən Rusiya və mühəndisləri zavodu idarə edən Ukrayna bir-birini obyekti atəşə tutmaqda ittiham edir.

Agentliyin müfəttişlərinin bildirdiyinə görə, onlar stansiyanın içərisində Rusiya əsgərləri və texnikasını, eləcə də turbinlərinin yaxınlığında hərbi maşınların dayandığını görüb.

“Rusiyanın işğalı altında stansiyanın ukraynalı işçiləri xüsusilə məhdud sayda personalı nəzərə alaraq, daim yüksək stress və təzyiq altındadırlar. Bu, insan tərəfindən səhvlərin artmasına və nüvə təhlükəsizliyinə təsir edən səhvlərə səbəb ola bilər” - deyə, hesabatda bildirilib.

“Münaqişənin sona çatmasını və sabit şəraitin bərpasını gözləyənə qədər hərbi vasitələrin vurduğu fiziki zərər nəticəsində yarana biləcək nüvə qəzasının qarşısını almaq üçün təcili tədbirlərə ehtiyac var,” BMT-nin nüvə agentliyi bildirib.

Agentlik Zaporijya ərazisi ətrafında “dərhal nüvə təhlükəsizliyi və təhlükəsizliyin mühafizəsi zonasının yaradılmasına” çağırıb. Bu, stansiyasının yaxınlığında demilitarizasiya zonasının yaradılması üçün açıq-aydın bir çağırışdır. Bu, dünya liderlərinin əvvəllər tələb etdiyi, lakin müharibə edən ölkələrin həyata keçirmədiyi bir bufer zonası deməkdir.

BAEA dərhal “belə bir nüvə təhlükəsizliyi və təhlükəsizliyin mühafizəsi zonasının yaradılmasına gətirib çıxaran” məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirib.

Agentlik Zaporijyada “presedenti olmayan şəraitə baxmayaraq”, Ukraynanın daha üç atom elektrik stansiyası - Xmelnitski, Rivne və Cənubi Ukraynada fevralın 24-dən, “münaqişə başlayandan bəri fəaliyyətlərini təhlükəsiz şəkildə davam etdirdiyini” bildirib.