Ukraynanın cənub-şərqindəki Zaporijye vilayətində intensiv döyüşlərin getdiyi bildirilib. Müdafiə naziri Hanna Malyar Kyivin Rusiya qüvvələrinin işğal etdiyi əraziləri geri qaytarmaq üçün əks-hücumunu davam etdirdiyi bir vaxt "uğur" qazandığını bəyan edib.
Avqustun 21-də strateji əhəmiyyətə malik Melitopol şəhəri istiqamətində Orixiv şəhərindən Tokmaka gedən mühüm yolun kənarında yerləşən Robotino kəndi yaxınlığında irəliləyişlər qeydə alınıb.
Malyar Telegram kanalında son günlər Robotino yaxınlığında irəliləyiş əldə etdiyi bildirilən Ukrayna qüvvələrinin "Robotinodan cənub-şərq və Malaya Tokmaçkadan cənub istiqamətində uğur qazanıb" yazıb.
Ukrayna qüvvələri həmçinin Donetsk vilayətinin şərqində may ayında Rusiya qüvvələri tərəfindən ələ keçirilməzdən əvvəl aylarla davam edən şiddətli döyüşlərə səhnə olan Baxmut şəhəri yaxınlığındakı əraziləri geri aldıqlarını iddia edib.
"Daha üç kvadrat kilometr ərazi (Baxmut ətrafında) azad edilib. İyun ayında əks-hücum başlayandan bəri ümumilikdə Baxmut ətrafında 43 kvadrat kilometr ərazi azad edilib" - deyə, Malyar dövlət televiziyasına bildirib.
Malyar bildirib ki, cənubda "müdafiəçilərimiz Berdyansk və Melitopol sektorlarında irəliləməyə davam edir".
Bu arada, rusiyayönlü Telegram kanalları Robotinonun mərkəzində döyüşlərin getdiyini və Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətində Kupyansk yaxınlığında Rusiya qüvvələrinin uğur qazandığı barədə məlumat yayıb. Ukrayna rəsmiləri bu yaxınlarda Xarkiv vilayətində cəbhəyə yaxın yaşayan sakinlərə təxliyyə edilməyi tövsiyə edib.
Rusiya Müdafiə Nazirliyi avqustun 21-də yaydığı bəyanatda bildirib ki, Rusiya qüvvələri Ukraynanın şərqindəki Donetsk vilayətinin hüdudlarında, ötən həftə Kyiv qüvvələrinin ələ keçirdiyi Urojayne kəndi yaxınlığında Ukraynanın əks-hücumunu dəf edib.