Baş nazir Eduard Heger Slovakiyanın Ukraynaya Sovet dövrünə aid S-300 hava hücumundan müdafiə sistemini ianə etdiyini bildirib.
Heger bu barədə məlumatı aprelin 8-də Ukrayna prezidenti Volodimir Zelenski ilə planlaşdırılan görüşdən əvvəl Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri ilə Ukraynanın paytaxtı Kyivə səfər edərkən verib.
Zelenski S-300-lərin adını keçən ay ABŞ qanunvericiləri ilə video vasitəsilə Ukraynaya Rusiya döyüş təyyarələri və raketlərinin qarşısını almaq məqsədilə “səmaları bağlamağa” imkan verəcək müdafiə sistemlərinə çağırış edərkən çəkmişdi.
NATO üzvləri olan Bolqarıstan, Slovakiya və Yunanıstan S-300 sistemlərinə sahibdirlər ki, bu sistemlər yüzlərlə kilometr məsafədəki raketi vura, qanadlı raketləri, eləcə də döyüş təyyarələrini sıradan çıxara bilir.
Slovakiya daha əvvəl S-300-ləri düzgün şəkildə əvəzlənməsi şərti ilə Ukraynaya verməyə hazır olduğunu bildirmişdi.
Heger cümə günü Kyivə səfəri zamanı Slovakiyanın özünün müdafiəsinin təmin olunduğunu da bildirib.
NATO üzvü olan Slovakiya 1993-cü ildə Çexoslovakiyanın parçalanmasından sonra ona miras qalmış S-300 hava hücumundan müdafiə sisteminin bir batareyasını idarə edir.