Ukrayna bazar ertəsi bildirib ki, Ukrayna qüvvələri cənub-şərqdəki Rabotino kəndini azad edib və əks-hücumların bir hissəsi olaraq, cənuba doğru irəliləməyə çalışır.
Ukrayna hərbçiləri keçən həftə ölkənin hərbi qüvvələrinin Rabotinoda bayraq qaldırdığını, lakin kəndin Rusiya qüvvələrindən təmizlənməsinin davam etdirildiyini bildirmişdi.
Rabotinodakı ukraynalı komandirlərdən biri keçən həftə Reuters xəbər agentliyinə Ukrayna qüvvələrinin ölkənin cənubunda Rusiyanın ən güclü müdafiə xəttini qıra bildiyinı və bundan sonra daha sürətlə hərəkət edəcəklərinə inandığını deyib.
Rabotino kəndi Zaporijye vilayətində cəbhə xəttində yerləşən Orihiv şəhərindən 10 kilometr cənubda, Rusiya tərəfindən işğal olunmuş avtomobil və dəmir yolu qovşağı olan Tokmaka gedən strateji əhəmiyyətli yolun üzərində yerləşir.
Tokmokın ələ keçirilməsi Rusiya qüvvələrini bölməyə yönəlmiş hərbi əməliyyatın bir hissəsi kimi Ukrayna qüvvələrinin cənubdan Azov dənizinə doğru irəliləməsində mühüm mərhələ olardı.
Ukrayna hərbi qüvvələri ölkənin şərqində də döyüşlər aparır. Əks-hücum gözlənildiyindən daha yavaş gedir, belə ki, onlar Rusiyanın minalar yerləşdirdiyi böyük sahələr və xəndəklərlə qarşılaşır.
Ukraynanın müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, ölkənin şərqindəki Rusiya qoşunları yeni qüvvələr toplayır və yenidən qruplaşır və Moskva ən yaxşı qoşunlarını oraya köçürmək niyyətindədir.
Malyar Ukrayna qüvvələrinin Baxmutdan cənuba doğru irəliləməyə davam etdiyini deyərək, son bir həftədə hərbi qüvvələrin Baxmut ətrafında 1 kv.km ərazini geri aldığını, Rusiya qüvvələrinin isə bir addım belə irəliləmədiklərini əlavə edib.