Rusiya Ukraynaya məxsus dronun hücumuna məruz qalan neft anbarında yanğını söndürüb

Rusiyanın Kursk vilayəti rəsmilərinin çərşənbə axşamı bildirdiyinə görə, yanğınsöndürmə briqadaları iki gün əvvəl Ukraynaya məxsus pilotsuz təyyarənin hücumuna məruz qalan neft anbarında yanğını söndürüb.

Kursk qubernatoru Aleksey Smirnov Telegram kanalında hücum nəticəsində bir neçə yanacaq çəninin yandığını və xəsarət alanların olmadığını bildirib.

Çərşənbə axşamı yeni hücumlarda Ukraynanın pilotsuz təyyarələri Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Belqorod vilayətinin bir neçə bölgəsini hədəf alıb.

Belqorod qubernatoru Vyaçeslav Qladkovun Telegram kanalında yazdığına görə, pilotsuz təyyarələr iki kəndi vurub, bir neçə evə və kənd təsərrüfatı müəssisəsinə ziyan dəyib.

Ukrayna hərbi qüvvələri çərşənbə axşamı bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələri keçən gün ərzində Rusiyanın 7 kəşfiyyat təyyarəsini vurub.

Yerli rəsmilər Ukraynanın şimal-şərqində yerləşən Xarkiv vilayətində Rusiyanın hücumu nəticəsində bir nəfərin yaralandığını bildirib.

Vilayət qubernatorunun sözlərinə görə, Ukraynanın cənubundakı Xerson vilayətində də Rusiyanın hücumu nəticəsində bir nəfər yaralanıb və bir neçə evə ziyan dəyib.