Ukrayna cənub və şərqdə yeni hərbi uğurlar əldə etdiyini bəyan edib

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar cümə axşamı bildirib ki, Ukrayna qoşunları ölkənin cənubunda və şərqində Rusiya qoşunlarına qarşı əks-hücum əməliyyatlarında yeni nailiyyətlər əldə edib.

"Xüsusən də Novodanilovka-Novoprokopyevka istiqamətində müəyyən uğurlar var" - deyə, Malyar Telegram kanalında bildirib.

Ukraynanın bazar ertəsi azad edildiyini elan etdiyi Novoprokopyevka strateji əhəmiyyətli Rabotino qəsəbəsinin cənubunda yerləşir.

Bundan əlavə, Malyar Ukrayna qoşunlarının Baxmutun cənubunda hücum əməliyyatlarını davam etdirdiyini bildirib.

Ukrayna quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmut cəbhəsindəki "müsbət dinamika" barədə məlumat versə də, təfərrüatları açıqlamayıb.

Malyarın sözlərinə görə, Kleşeyevka, Kurdyumovka və Andreyevka kəndlərində şiddətli döyüşlər davam edir.

Malyar əlavə edib ki, Rusiya qoşunlarının Luhansk vilayətinin Novoyeqorovka və Beloqorovka kəndləri yaxınlığında irəliləməyə çalışdığı şərqdəki Liman cəbhəsində də aktiv döyüşlər gedir.

Bu arada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynanın əks-hücum taktikasını tənqid etmək "Ukrayna əsgərlərinin üzünə tüpürmək deməkdir" deyib.

"Əks-hücumun yavaş tempinin tənqidi hər gün həyatını qurban verən, irəliləyərək, Ukrayna torpaqlarının bir-birinin ardınca hər bir kilometrini azad edən ukraynalı əsgərin üzünə tüpürməyə bərabərdir" - deyə, Kuleba cümə axşamı İspaniyanın Toledo şəhərində Avropa İttufaqının xarici işlər nazirlərinin görüşü zamanl jurnalistlərə bildirib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin yanında dayanan Kuleba "Mən bütün tənqidçilərə səslərini kəsməyi və Ukraynaya gəlib, təkbaşına ən azı bir kvadrat-santimetr ərazini azad etməyi tövsiyə edərdim" deyib.