Ukrayna Müdafiə Nazirliyi Donetsk vilayətində bir neçə yaşayış məntəqəsinin azad edildiyini bildirib

Ukrayna Müdafiə Nazirliyi Donetsk vilayətində bir neçə yaşayış məntəqəsinin azad edildiyini iddia edir.

İyunun 11-i axşam saatlarında Ukrayna Müdafiə Nazirliyinin rəis müavini Anna Malyar Blaqodatnoye və Makarivka yaşayış məntəqələrinin azad edildiyini bildirib. İyunun 12-də isə Malyar Donetsk vilayətinin Volnovaxa rayonunun Storojevo kəndinin azad edildiyini elan edib.

O, 35-ci Əlahiddə Dəniz Briqadasına təşəkkür edərək, "Dövlət bayrağı yenidən Storojevo üzərində dalğalanır və bu, bütün Ukrayna torpaqları azad edilənə qədər hər yaşayış məntəqəsində baş verəcək" - deyə, yazıb.

Könüllülərdən ibarət "Arey" dəstəsi Blaqodatnoye və Makarivka kəndlərindən şimalında yerləşən Neskuçnoye kəndini ələ keçirdiyini iddia edib.

İyunun 11-də Rusiya Müdafiə Nazirliyinə yaxın olan "Rıbar" Teleqram kanalı "Rusiya qüvvələrinin planlı şəkildə çıxarılmasından sonra" Ukrayna ordusunun Neskuçnoe və Blaqodatnoe bölgələrini ələ keçirdiyini yazıb.

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) məlumatına görə, Ukrayna Silahlı Qüvvələri iyunun 10-11-də cəbhənin Velika Novosyolka kəndinin (Donetsk vilayətinin Velikonovoselkovski rayonu) cənubunda beş yaşayış məntəqəsi-Makarivka, Neskuçnoe, Blagodatnoe, Storojevoe və Novodarovkanı azad edib.

Tavrid Müdafiə Qüvvələrinin sözçüsü Valeri Şerşen "Ukrainska Pravda"ya bildirib ki, Rusiya qüvvələri bundan əvvəl Donetsk vilayətinin Volnovaxa rayonunun işğal olunmuş Klyuçevoye kəndi yaxınlığında yerləşən Mokrıye Yalı çayında bəndi partladıb. Onun sözlərinə görə, bu, Ukrayna hərbçilərinin əks-hücumunun qarşısını almaq məqsədi daşıyıb.