Lviv şəhərinə raket zərbələri endirilib, azı 6 nəfər ölüb

Ukraynanın qərbindəki rəsmilərin bildirdiyinə görə, Rusiyanın təxminən iki ay əvvəl başlayan hərbi təcazünün dəhşətlərindən kənarda qalan Lviv şəhərinə bazar ertəsi raket zərbələri endirilib, azı altı nəfər ölüb.

Lviv vilayətinin qubernatoru Maksim Kozistki üç raketin hərbi infrastruktur obyektlərinə, digərinin isə avtomobil təkər təmiri sexinə düşdüyünü bildirib.

Ukraynanın digər yerlərində bazar ertəsi ardıcıl ikinci gündür ki, dinc əhalinin münaqişə bölgələrindən təxliyəsi səyləri dayandırılıb.

“Rusiya işğalçıları beynəlxalq humanitar hüququ pozaraq, humanitar dəhlizləri bağlamağı və atəşə tutmağı dayandırmayıb”, baş nazirin müavini İrina Vereşuk sosial mediada verdiyi açıqlamada yazıb.

Rusiyanın cənubda Mariupol şəhərindəki Ukrayna qüvvələrinin silahlarını təhvil verməsi üçün verdiyi müddət bitdiyi vaxt, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrini Xarkidəki yaşayış məhəllələrinə minaatan və artilleriya zərbələri endirməklə“qəsdən terror” törətməkdə günahlandırıb.

Zelenski bazar günü axşam saatlarında video ilə müraciətində Rusiyanın “yaxın gələcəkdə” şərqdə Donbas regionunda hücuma başlayacağını gözlədiyini deyib.

Qərbin hərbi rəsmiləri Rusiyanın son həftələr qüvvələrini Ukrayna paytaxtı Kyiv ətrafından və digər şimal bölgələrdən çəkməsini həmin qüvvələri ölkənin şərqinə toplayaraq, orada gücləndirməsi kimi qiymətləndirir.

Luhansk və Donetskin daxil olduğu Donbas bölgəsinin və cənubdakı liman şəhəri Mariupolu ələ keçirməsi Rusiyaya 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına gedən quru dəhlizinə nəzarət etmək imkanı verəcək.

Rusiya şəhərin daxili hissələrini nəzarətini ələ keçirdiyini bildirib və Mariupolda qalan döyüşçüləri təslim olmağa çağırıb. Mariupolun Azovstal polad zavodunda 2500 Ukrayna əsgərinin və 400 muzdlunun olduğu təxmin edilir.

Ukraynanın baş naziri Denis Şmihal bazar günü ABC telekanalının “Bu həftə” programında verdiyi müsahibəsində deyib ki, Mariupol “sona qədər döyüşəcək”.