Rusiya Ukraynanın qərbində Lviv və Lutsk şəhərlərini hədəf alıb

Ukrayna rəsmiləri çərşənbə axşamı Rusiyanın ölkənin şimal-qərbindəki Lutsk şəhərinə etdiyi hava hücumu nəticəsində azı 3 nəfərin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib.

Vilayətin qubernatoru Yuriy Poqulyayko bildirib ki, Rusiyanın hücumu nəticəsində Lutskda bir biznes müəssisi vurulub.

Rusiyanın çərşənbə axşamı bölgəni raketlərlə hədəfə almasından sonra rəsmilər qərbdəki Lviv şəhərində də böyük miqyasda dağıntıların olduğunu bəyan edib.

Lviv meri Andriy Sadovıy Telegram kanalında itkilərin olmadığını, lakin hücumun 100-dən çox mənzilə ziyan vurduğunu və uşaq bağçasının dağıldığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ölkəyə atdığı 28 raketdən 16-nı vurduğunu deyib.

Prezidentin müşaviri Mixail Podolyak əvvəllər Twitter kimi tanınan "X" sosial media platformasında bildirib ki, Rusiya Lutsk, Lviv və Dneprdə yaşayış və sənaye binalarına hücum etmək üçün qanadlı raketlər və ballistik raketlərdən istifadə edib.

"Mülki insanlara qarşı qəsdən genişmiqyaslı hücumlar. Sadəcə öldürmək və psixoloji təzyiq xatirinə" - deyə, Podolyak bildirib.

ABŞ-ın yardımı

Birləmiş Ştatlar Ukraynaya hava hücumundan müdafiə "Patriot" sistemləri və "HIMARS" üçün sursat da daxil olmaqla, daha 200 milyon dollarlıq hərbi yardım paketi təqdim edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Yardım paketinə "Patriot" və "HIMARS" üçün döyüş sursatları ilə yanaşı, 105 və 155 mm çaplı artilleriya mərmiləri, 120 mm çaplı tank mərmiləri, minaatanlar üçün 12 milyondan çox batareya, tank əleyhinə "Javelin" sistemləri, minatəmizləmə avadanlıqları və s. daxildir.

Yeni yardım paketi barədə məlumat ABŞ dövlət katibi Antoni Blinkenin bazar ertəsi açıqladığı bəyanatda verilib.

"Rusiya hər gün Ukraynanın mülki əhalisini öldürür və mülki infrastrukturunu məhv edir, həmçinin aclıqdan silah kimi istifadə edir və Ukraynanın mülki limanlarını və taxıl infrastrukturunu məhv etməklə qlobal ərzaq təhlükəsizliyini sarsıdır" - deyə, Antoni Blinkenin bəyanatında bildirilib.