Vilayət qubernatorunun bildirdiyinə görə, cümə günü Rusiya artilleriyası Ukraynanın cəbhə xəttində yerləşən Donetsk vilayətinin Kostiantinivka şəhərindəki supermarketini vurması nəticəsində azı 10 nəfər ölüb, 35 nəfər yaralanıb.
Qubernator Vadim Filaşkinin Telegram kanalındakı paylaşımı ilə yanaşı digər paylaşımlarda da dağılmış binadan güclü qara tüstünün qalxdığını görmək olub.
Ukrayna prezidentinin aparat rəhbəri Andriy Yermak X səhifəsində "Kostiantinivkadakı supermarketə zərbə Rusiya terrorunun növbəti aktıdır. Mülki əhaliyə qarşı müharibə onların bildiyi yeganə şeydir" yazıb.
Qubernator əlavə edib ki, təcili yardım xidmətləri və xilasetmə əməliyyatı davam edir.
Moskva qüvvələri Donetsk vilayətinin geniş ərazilərini nəzarətdə saxlayır. Ukraynanın nəzarətində olan ərazilər mütəmadi olaraq Rusiyanın atəşinə və hava zərbələrinə məruz qalır.
Bu bölgə ən qızğın döyüş bölgələrindən biridir. Belə ki, Rusiya şərqdəki strateji logistika mərkəzi Pokrovsk istiqamətindəki əraziləri hədəfə alır.
Lipetsk yaxınlığında pilotsuz təyyarənin hücumundan sonra hərbi aerodromda yanğın başlayıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən məlumat verilib.
"Üçüncü hərbi aerodromda yanğın" - deyə, məlumatda bildirilib.
Astra tele-kanalının məlumatına görə, pilotsuz təyyarənin hücumundan sonra aerodromdakı sursat anbarı yanıb.
Dörd yaşayış məntəqəsindən - Koptsevı Xutor, Fyodorovka, Yakovlevka və Tınkovkadan təxliyə aparılır. Onların hamısı hərbi aerodromun yaxınlığında yerləşir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında Lipetsk vilayəti səmasında 19 pilotsuz uçuş aparatı vurulub. Ondan əlavə, Belqorod vilayəti üzərində 26, Kursk üzərində 7, Bryansk üzərində 5, Voronej üzərində 4 və Oryol üzərində 1 pilotsuz uçuş aparatı məhv edilib.
İlhaq edilmiş Krım üzərində daha 5 pilotsuz təyyarə vurulub, Qara dənizdə üzərində 8, quruda 7 pilotsuz uçuş aparatı məhv edilib. Ümumilikdə - 82 dron.