Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiyanın Ukraynanın şərqindəki Kostiantinivka şəhərindəki bazara hücumu nəticəsində azı 16 nəfər ölüb, 28 nəfər yaralanıb.
Ukrayna prezidenti Volodimir Zelenski hücumu pisləyərək, aylardır şiddətli döyüşlərin getdiyi Baxmut şəhərindən 30 kilometr aralıda, döyüş meydanının hazırkı cəbhə xəttinə yaxın sənaye şəhərində bazar, mağaza və aptekin vurulduğunu deyib.
"Rusiyanın bu şərinə ən qısa zamanda qalib gəlmək lazımdır" - deyə, Zelenski bildirib.
Telegram mesajlaşma proqramında yer alan video-görüntülərdə alış-veriş mərkəzində güclü partlayışın baş verdiyini, yerə yıxılan insanları, bəzilərinin gizlənmək üçün qaçdığını görmək olub. Yerli media bunu raket hücumu kimi qiymətləndirib.
Ukraynanın daxili işlər naziri İqor Klimenko xilasedicilərin dağıntılar altındakı cəsədləri qara torbalarda apardığını əks etdirən şəkillər yayıb.
Ukrayna rəsmiləri eləcə də çərşənbə günü Rusiyanın Odesa vilayətindəki liman ərazisinə pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində bir nəfərin öldüyünü bildirib.
Regionun qubernatoru Oleh Kiper Telegram kanalında Rusiyanın hücumunun üç saat davam etdiyini və Dunay çayı sahilindəki İzmail limanındakı kənd təsərrüfatı infrastrukturuna ziyan vurduğunu bildirib.
Çərşənbə günü səhər saatlarında Rusiya raket hücumları ilə Ukraynanın paytaxtı Kyivi də hədəf alıb.
Şəhərin hərbi administrasiyasının rəhbəri Serhiy Popko Telegram kanalında Hava Hücumundan Müdafiə Qüvvələrinin bütün raketləri vurduğunu, dağıntı və tələfat barədə məlumat verilmədiyini bildirib.
Ukrayna ordusu çərşənbə günü Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi yeddi qanadlı raketin hamısını və bir ballistik raketi məhv etdiyini, eyni zamanda Rusiyanın 25 pilotsuz təyyarəsindən 15-ni vurduğunu bəyan edib.
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin çərşənbə axşamı gecə saatlarında Ukrayna ilə həmsərhəd Bryansk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv etdiyini bildirib. Bryansk vilayətinin qubernatoru itkilərin olmadığını deyib.
Ukrayna parlamenti çərşənbə günü Rustem Umerovun ölkənin yeni müdafiə naziri təyin edilməsini təsdiqləyib.
Ukrayna prezidenti Volodimir Zelenski bazar günü ordu rəhbərliyində dəyişiklik etdiyini elan edərək, "nazirliyin həm ordu, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı əlaqə formatlarına ehtiyacı var" deyib.
Krım tatarı, Ukraynanın əsas özəlləşdirmə fonduna rəhbərlik edən keçmiş deputat Umerov 2021-ci ilin noyabrından bu vəzifədə işləyən Oleksiy Reznikovu əvəz edib.