Rusiya Ukrayna paytaxtına və digər şəhərlərə raket zərbələri endirib

Ukrayna paytaxtı bazar ertəsi Rusiya tərəfindən ölümcül raket zərbələrinə məruz qalıb. Ukrayna hərbi qüvvələrinin bildirdiyinə görə, ölkənin şəhərlərinə 75 raket atılıb.

Kyiv polisinin bildirdiyinə görə, zərbələrin əksəriyyəti şəhərin mərkəzinə endirilib və nəticədə azı 5 nəfər ölüb, 12 nəfər yaralanıb. Raketlər parklar və turizm obyektləri daxil olmaqla insanların sıx olduğu ərazilərə atılıb.

Qərbdə Lviv, mərkəzdə Dnepr və şərqdə Xarkiv şəhərləri də daxil olmaqla, bir çox ərazilərdə də partlayışlar baş verib. Ukrayna hərbi qüvvələri Rusiyanın 41 raketini vurduğunu bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkədə "çaxnaşma və xaos" yaratmaq və Ukraynanın enerji sistemini dağıtmaq məqsədi ilə mülki əraziləri, eləcə də ölkənin bütün elektrik sistemini hədəf aldığını deyib.

Zelenski Böyük Yeddilər qrupunun təcili iclasında çıxış edəcəyini, vəziyyəti həm Almaniya kansleri Olaf Şolz, həm də Fransa prezidenti Emmanuel Makronla müzakirə etdiyini bildirib. Almaniya görüşün çərşənbə axşamı baş tutacağını bildirib.

"Biz hava hücumundan müdafiə sistemimizin gücləndirilməsi, Avropa və beynəlxalq ictimayyətin sərt reaksiyasına ehtiyacı, habelə Rusiya Federasiyasına təzyiqin artırılması məsələlərini müzakirə etdik", Zelenski Makronla danışıqlarından sonra Twitter səhifəsində yazıb.

Makronun ofisi bildirib ki, o, hərbi yardımı artırmaq öhdəliyi də daxil olmaqla, Fransanın Ukraynaya dəstəyini bir daha təsdiqləyib.

Putin Təhlükəsizlik Şurasının iclasında deyib ki, zərbələr Ukraynanın enerji, hərbi və kommunikasiya infrastrukturunu hədəf alıb və bu, şənbə günü Rusiyanı Krımla birləşdirən körpüyə edilən hücuma cavabdır.

"Aydındır ki, Ukrayna xüsusi xidmət orqanları Rusiyanın mühüm mülki infrastrukturunu məhv etmək məqsədi daşıyan terror aktını sifariş və təşkil edib, həm də həyata keçirib" - deyə, Putin bildirib.

Ukrayna rəsmiləri Rusiyanın Ukraynanın cənubundakı əməliyyatları üçün əsas təchizat marşrutu olan Kerç körpüsünün qismən dağılmasına səbəb olan hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.