Rusiyanın yeni dron hücumları Ukraynanın hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib

Ukrayna Hava Hücumundan Müdafiə qüvvələrinin məlumatına görə, şərqdə şiddətli döyüşlər davam etdiyi bir vaxt, Rusiya qüvvələri Ukraynanın şərqində və mərkəzindəki hədəflərə pilotsuz təyyarələrlə kamikadze hücumları həyata keçirib.

Hərbçilərin Telegram kanalında "13 [uçan] sursatdan 12-si ölkənin şərq və mərkəzi rayonlarında [Ukraynanın] hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib" deyilib.

Hava Hücumundan Müdafiə qüvvələri Ukraynanın şərqində altı pilotsuz təyyarənin vurulduğunu, daha altısının isə ölkənin mərkəzi hissəsində məhv edildiyini bildirib.

Ukraynanın əks-hücumlarının Rusiya qoşunlarını şimal-şərqdən çıxarmasına, şərq və cənub-şərqdə geri itələməsinə baxmayaraq, Rusiya həftələrdir Ukraynanın enerji infrastrukturunu və mülki obyektlərini raket, dron və artilleriya ilə hədəf alır.

Kyiv meri Vitali Kliçko noyabrın 2-də bildirib ki, Rusiyanın davamlı hücumları mərkəzi istilik sisteminin sıradan çıxacağı təqdirdə hakimiyyət orqanları paytaxt boyu 1000-dən çox istilik məntəqəsi hazırlayır.

Rusiya oktyabrın 31-də Kyiv də daxil olmaqla, Ukraynanın bir sıra şəhərlərinə raket zərbələri endirib. Belə ki, Kreml əhalisinin müqavimət göstərmək iradəsini zəiflətmək ümidi ilə Ukraynanın ən vacib infrastrukturuna amansız hücumunu davam etdirir.

Noyabrın 1-də bərpa edilməzdən əvvəl Kyivdə su və elektrik təchizatı saatlarla kəsilib. Rəsmilər paytaxtda elektrik enerjisinin məhdudlaşdırılmasının davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Kliçko noyabrın 2-də Telegram kanalında yazıb ki, şəhərin hökuməti raket hücumları ilə bağlı müxtəlif ssenariləri nəzərdən keçirir.

"Ən çətini elektrik enerjisinin, suyun, istilik sisteminin ümumiyyətlə olmamasıdır. Bunun üçün biz şəhərimizdə 1000-dən çox istilik məntəqəsi hazırlayırıq" - deyə, Kliçko bildirib.

Raket və dron hücumları Ukraynanın enerji infrastrukturunun azı 40 faizini zədələyib və artıq Kyivin böyük hissəsini qısa müddətə elektriksiz və susuz qoyub.

Rəsmilərin bildirdiyinə görə, doqquz bölgədə elektrik enerjisi kəsilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat noyabrın 1-də Kyivdə Rusiyanın Ukrayna sərhədinin şimalında yerləşdirməyi planlaşdırdığı İran istehsalı olan ballistik raketlərə qarşı effektiv müdafiə vasitələrinin olmadığı barədə xəbərdarlıq edib.

İhnat brifinqində deyib ki, İranın ballistik raketlərini vurmaq nəzəri cəhətdən mümkün olasa da, lakin “bu gün arsenalımızda olan vasitələrlə” bunu etmək çox çətin olacaq.

“Washington Post” qəzeti keçən ay ABŞ təhlükəsizlik agentliklərindəki mənbələrə istinadən İranın Rusiyaya “yer-yer” tipli raketlər verməyə razılaşdığını yazmışdı.