Rusiya Kyivə raketlərlə hücum edib, ölənlər var

Ukrayna rəsmilərinin bildirdiyinə görə, cümə axşamı Rusiyanın Ukraynanın paytaxtı Kyivə raket hücumu nəticəsində azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Ukrayna ordusu Rusiya tərəfindən atılan 10 ədəd qısamənzilli raketin hamısının qarşısının alındığını bildirib.

Kyiv rəsmiləri bildiriblər ki, raketlərin dağıntıları yaşayış binalarına, tibb məntəqəsinə və su kəmərinə ziyan vurub.

Ukrayna Rusiya qüvvələrinin keçən ilin əvvəlində Ukraynaya genişmiqyaslı işğala başlamasından sonra ələ keçirdiyi əraziləri geri almaq üçün gözlənilən əks-hücuma hazırlaşdığı bir vaxtda Rusiya may ayında Kyivə tez-tez hava hücumları həyata keçirir.

Rusiyanın qərbindəki Belqorod vilayətinin qubernatoru cümə axşamı gecə saatlarında Şebekino şəhərinə edilən hücum zamanı çox sayda insanın yaralandığını bildirib.

Qubernator Vyaçeslav Qladkov Telegram kanalında hücumun bir neçə binaya da ziyan vurduğunu bildirib. O, Ukrayna qüvvələrini günahlandırıb.

Bu arada, Osloda NATO-nun xarici işlər nazirləri cümə axşamı bir araya gələrək, Ukraynaya dəstəyin artırılmasını və Ukraynanın hərbi alyansa qoşulmaq istəklərini müzakirə edib.

"Bütün müttəfiqlər hazırda ən aktual və vacib vəzifənin Ukraynanın suveren və müstəqil dövlət kimi qalıb gəlməsi ilə razılaşır. Prezident Putin bu müharibədə qalib gəlməməlidir" - deyə, NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə bildirib.

Ukraynanın Rusiya ərazisinə hücumları ilə bağlı sualın cavabında Stoltenberq bildirib ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalıb və özünü müdafiə etmək haqqı var. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin istənilən vaxt müharibəni dayandıra bilər və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar cavab verməlidir.

NATO rəhbəri cümə axşamı bildirib ki, vəziyyəti Türkiyə liderləri ilə müzakirə etmək üçün tezliklə Ankaraya gedəcək. Türkiyə İsveçi Türkiyənin terrorçu hesab etdiyi qruplara qarşı lazımi tədbirlər görməməkdə ittiham edib. Stoltenberq cümə axşamı İsveçdə yeni anti-terror qanununun qüvvəyə mindiyini qeyd edib və İsveçin NATO-nun tamhüquqlu üzvü olacağına əmin olduğunu bir daha təkrarlayıb.