Rusiyanın Kupyanska etdiyi hava zərbəsi qurbanlarının sayı 8 nəfərə çatıb

Rusiya ordusunun çərşənbə axşamı, sentyabrın 19-da Xarkiv vilayətinin Kupyansk şəhərinə endirdiyi hava hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Bu barədə Xarkiv Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Sinequbovun sözlərinə görə, bir gün əvvəl xilasedicilərin ölən 6 mülki vətəndaşın cəsədini aşkar etdiyi hava hücumunun həyata keçirildiyi yerdə daha 2 kişi cəsədi tapıb. Ölən 8 nəfərdən ikisi cəbhəyanı yaşayış məntəqələrindən dinc əhalinin təxliyyəsinə yardım edən könüllülərdir.

"Nezlamna Kupyanşina" Teleqram kanalının məlumatına görə, ölənlər "PO Pyatixatki-BAM"ın könüllüləri Sergey Şalıqin və Vadim Zabaradır.

Xarkiv Vilayət Hərbi Administrasiyasının rəhbəri onu da aydınlaşdırıb ki, zərbə əvvəllər güman edildiyi kimi idarə olunan "UAB-500" bombası ilə deyil, "Qrom-E1" hibrid raketi ilə həyata keçirilib.

Faciə yerindən nümayiş etdirilən kadrları Xarkiv vilayəti polisinin mətbuat xidməti yayıb.

Rusiya hərbçiləri sentyabrın 19-u günortadan sonra Kupyansk şəhərinə hava zərbəsi endirib. Raket Oskol çayının keçidinə düşüb. Həmin vaxt Xarkiv vilayətindəki cəbhəyanı yaşayış məntəqələrindən evakuasiya edilən insanlarla dolu maşınlar hərəkət edib.

Kupyansk rayonu Xarkiv vilayətinin digər rayonları kimi işğalından 2022-ci il sentyabrın ortalarında azad edilib. Kupyansk Xarkiv vilayətinin üçüncü böyük şəhəri və Ukraynanın şərqindəki mühüm nəqliyyat qovşağıdır.