Ukrayna bu ay 24 fevral işğalının ildönümünə təsadüf edən günlərdə Rusiyanın böyük bir hücum reallaşdıracağı ehtimalına hazırlaşdığını, lakin ölkənin bu hücumu dayandırmaq üçün lazımi ehtiyata malik olduğunu bildirib.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov mətbuat konfransında deyib ki, Moskva qüvvələri hərbi cəhətdən hazır olmasa da, "simvolik” səbəblərlə bu hücuma keçə bilərlər.
"Bütün bunlara baxmayaraq, biz fevralda Rusiyanın mümkün hücumunu gözləyirik. Bu, hərbi baxımdan məntiqli deyil, yalnız simvolizmdən irəli gəlir. Çünki onların heç də bütün resursları hazır deyil. Lakin heç nəyə baxmayaraq, onlar bunu edirlər." - deyə, Reznokov bildirib.
Reznikov deyib ki, Rusiya hücumu çox güman ki, şərqdə, aylardır döyüşlərin getdiyi və Rusiyanın bütövlükdə ələ keçirməyə çalışdığı Donbas sənaye bölgəsində, ya da ki, cənubda, 2014-cü ildə qeyri-qanuni olaraq ilhaq etdiyi Krım yarımadasına quru dəhlizini genişləndirmək istədiyi ərazidə başlayacaq.
Müdafiə nazirinin dediyinə görə, Rusiyanın Belarus hərbi bazalarında 12 min əsgəri var ki, bu da Ukraynanın şimalına əhəmiyyətli hücuma keçmək üçün çox azdır.
Moskvanın həftələrdir Baxmut şəhərini ələ keçirməyə çalışdığı bir vaxt, Rusiya qüvvələri şərqdə irəliləyişlərə nail olub.
Birləşmiş Ştatlar və digər Qərb hökumətləri yeni hücuma tab gətirməsi, eləcə də Kyivin əks hücuma keçməsi üçün Ukraynaya tanklar və piyada döyüş maşınları da daxil olmaqla, milyardlarla dollarlıq yeni hərbi yardım vəd edib.
Ukrayna bildirib ki, bazar günü Rusiyanın ölkənin ikinci böyük şəhəri Xarkivin mərkəzinə atdığı raket hücumu zamanı beş nəfər yaralanıb.
Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Rusiyanın Çernihov, Zaporijye, Dnepropetrovsk, Xarkiv, Luhansk, Donetsk və Nikolayev vilayətlərini atəşə tutması səbəbindən Ukraynanın şərqində vəziyyətin daha da ağırlaşdığını deyib.
Ukrayna rəsmiləri şənbə günü quvvələrinin Rusiyanın mühasirədə olan şərqdəki Baxmut şəhərinə hücumunu dəf etdiyini bildirib. Zelenski cümə günü "Baxmutu təslim etməyəcəyik. Bacardığımız qədər döyüşəcəyik" - deyə bildirib.