Avropa İttifaqı: Rusiya Ukrayna müharibəsində "fərqli mərhələyə" keçir

Avropa İttifaqı Xarici Fəaliyyətlər Xidmətinin baş katibi Stefano Sannino cümə günü deyib ki, Rusiya NATO müttəfiqlərinin Ukraynaya dəstək olmaq üçün müasir silahlar göndərəcəkləri barədə son qərarlarına müharibənin "fərqli mərhələsinə" keçərək - mülki əhaliyə və şəhərlərə hücumlar edərək reaksiya verir.

Tokyoda keçirilən mətbuat konfransında Stefano Sannino jurnalistlərə Rusiyanın artıq hərbi hədəflərə diqqət yetirmədiyini, şəhərlərə və insanlara məhəl qoymadan hücumlar etdiyini bildirib.

"Fikrimcə silah təchizatı ilə bağlı bu son inkişaf sadəcə vəziyyətin təkamülüdür və Rusiyanın müharibəni başqa mərhələyə keçirməyə başlamasıdır," Sannino bildirib.

"[Rusiya prezidenti Vladimir] Putin [hərbi] xüsusi əməliyyat konsepsiyasından NATO və Qərbə qarşı müharibə konsepsiyasına keçib" o, əlavə edib.

Şərhlər Almaniya və ABŞ-ın bu həftə Rusiyanın qurudakı gücünü dəf etməsi ümidi ilə Ukraynaya qabaqcıl döyüş tankları göndərəcəklərini elan etməsindən sonra verilib.

Stefano Sannino bildirib ki, Qərbin Ukraynaya yeni silah tədarüklər eskalasiya deyil, daha çox ona özünü müdafiə şansı vermək cəhdidir. Onun sözlərinə görə, hadisələrin inkişafı Putini işğalının Ukraynanı nasist rejimindən xilas etmək üçün "xüsusi əməliyyat" kimi təsvir etdiyi ilkin hekayəsini dəyişməyə məcbur edib.

"İndi biz NATO və Qərblə müharibədən danışırıq," Sannino deyib. "Bu, fərqli hekayədir."

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı xalqa etdiyi gündəlik müraciətində tanklar da olmaqla, daha güclü silahlar vəd edən ölkələrin sayının artmasına görə minnətdarlığını bildirib və vəd edilmiş silah sistemlərinin çatdırılmasının sürətləndirilməsinin vacibliyini vurğulayıb.

"Rusiyanın bu təcavüzünü" dayandırmağın yeganə yolu "adekvat silahdır. Terrorçu dövlət bundan başqa heç nə başa düşməyəcək," Zelenski bildirib.