Ukrayna: Aİ-nin yeni sanksiyaları "Putinin hərbi iqtisadiyyatını daha da boğacaq"

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq, Rusiyaya qarşı sanksiyaların 14-cü raundunu bazar ertəsi təsdiqləyib.

Bu paketə Rusiya maye qazının Avropa İttifaqı ölkəsində yenidən emalına və sonra üçüncü ölkəyə göndərilməsinə qadağa da daxildir.

Sanksiyalar 116 nəfərə və quruma tətbiq edilib. Şirkətlərin mövcud sanksiyalardan yan keçməməsi üçün gücləndirilmiş tədbirlər mövcuddur.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar ertəsi Avropa İttifaqı Xarici Əlaqələr Şurasının iclasında çıxış edərkən yeni sanksiyaların "Putinin hərbi iqtisadiyyatının daha da boğulması üçün" əhəmiyyətini vurğulayıb.

"Ayrıca, mən hərbi yardımın çatdırılmasını, xüsusən də hava hücumundan müdafiəni sürətləndirməyin və müdafiə sənayesi məhsullarının genişləndirilməsinin zəruriliyini vurğuladım. Biz bütün Avropada uzunmüddətli sülh və sabitliyi təmin etmək üçün Ukrayna torpağında Rusiyanın aqressiyasına qalib gələ bilərik və bunu etməliyik," Kuleba X-də bildirib.

Bazar ertəsi Şura iclasından əvvəl Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrell Lüksemburqda jurnalistlərə deyib ki, "Ukraynanın yardıma ehtiyacı var və indi bu yardıma ehtiyacı daha çoxdur".

Ukrayna rəsmiləri bazar ertəsi Rusiyanın Ukraynanın cənubundakı Odesa şəhərinə raket hücumu nəticəsində azı üç nəfərin yaralandığını bildirib.

Ukrayna ordusunun bildirdiyinə görə, Rusiya hücumu zamanı iki qanadlı raketdən istifadə edib, lakin Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri raketlərdən birinin hədəfinə çatmasına mane olub.

Odesa vilayətinin qubernatoru Oleh Kiper Telegram kanalında hücum zamanı mülki infrastrukturda yanğın baş verdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi Hava Hücumundan Müdafiə Qüvvələrinin Rostov vilayəti üzərində Ukraynaya məxsus dörd pilotsuz təyyarəni məhv etdiyini bəyan edib.

Vilayətin qubernatoru Vasili Qolubev Telegram kanalında vurulmuş drondan düşən parçaların sənaye sahəsinə dəydiyini, lakin xəsarət alanlar barədə məlumat verilmədiyini bildirib.