Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə deyib ki, Rusiyanın Ukraynaya işğalını dayandırmaq üçün danışıqlar birtərəfli atəşkəslə başlanmalıdır.
Prezident ofisinin bildirdiyinə görə, Ərdoğan Putinlə cümə axşamı telefonla danışıb və sülh danışıqlarına "ədalətli həll yolunun" daxil edilməli olduğunu deyib.
Türkiyə lideri münaqişənin sona çatması üçün vasitəçilik etməyə çalışıb. Türkiyə taxıl ixracını asanlaşdırmaq üçün Rusiya və Ukrayna ilə razılaşmanın əldə olunmasına yardım edib. Ərdoğanın cümə axşamı Ukrayna prezidenti Volodimir Zelenski ilə də danışacağı gözlənilir.
Cümə axşamı başqa bir sülh çağırışı - Rusiya Pravoslav Kilsəsinin rəhbəri patriarx Kirilldən gəlib. O, bütün tərəfləri bu həftə Pravoslavların Milad bayramı zamanı atəşkəsə riayət etməyə çağırıb.
Fransa rəsmisi prezident Emmanuel Makronun çərşənbə günü Zelenskiyə Rusiyaya qarşı müharibəyə yardım etmək üçün Fransa ordusunun 1980-ci illərdən bəri istifadə etdiyi, lakin istehsaldan çıxarılan yüngül tank modeli "AMX-10 RC" zirehli döyüş maşınlarını göndərəcəyini dediyini bildirib.
"Prezident [Makron] "AMX-10 RC" yüngül tank modellərini verməklə Ukraynaya yardımı artırmaq istəyir. İlk dəfədir ki, Ukrayna silahlı qüvvələrinə Qərb dizaynlı tanklar verilir" - deyə, Makronun adının açıqlanmasını istəməyən yardımçısı jurnalistlərə bildirib.
Gecə video-müraciətində Zelenski Fransaya təşəkkür edib və deyib ki, Ukraynanın daha ağır silahlarla təmin edəcək müttəfiqlərə də ehtiyacı var.
"Bu, bütün tərəfdaşlarımıza aydın siqnaldır. Ukraynanın hələ də Qərb tankları ilə təchiz edilməməsinin heç bir rasional səbəbi yoxdur" , Zelenski deyib.
Fransa Ukraynaya nə qədər döyüş maşını veriləcəyini açıqlamayıb.
ABŞ prezidenti Co Bayden də çərşənbə günü bildirib ki, ABŞ Ukraynaya "Bradley" zirehli maşınlar göndərməyi düşünür.
Kentukkidə səfərdə olan Bayden jurnalistlərin ABŞ-ın Ukraynaya "çətin ərazilərdən keçmə qabiliyyəti, atəş gücü, artilleriya və kiçik silahların atəşindən qorunmanı təmin edən yüngül zirehli "Bradley" döyüş maşınları verməyi düşünüb-düşünmədiyi" sualına əlavə şərh vermədən "bəli" deyib.