Ukraynanın Donbas regionunun sakinləri müharibənin tezliklə sona çatacağına ümid edir

Your browser doesn’t support HTML5

Ukraynanın Donbas regionunun sakinləri  müharibənin tezliklə sona çatacağına ümid edir

Ukraynanın şərqində, bombaların davamlı olaraq yağdırıldığı Donbas regionunun bəzi sakinləri müharibənin sona çatacağına ümid edərək, yaxınlıqdakı kimsəsiz şəhər və qəsəbələrdəki dağılmış evlərdə yaşayır.

Ukraynanın şərqindəki Donbas regionunun demək olar ki, tamamilə boşaldılmış bir çox şəhər və qəsəbələrində davamlı bomba səsləri eşidilir.

Bu, Rusiyanın Ukraynada apardığı müharibədə altı ay şiddətli döyüşlərə meydan olan Baxmut şəhərində bunkerdir. Burada qalan yerli sakinlər xəbərlər və məlumatlar almadıqları üçün nə baş verdiyini bilmədiklərini deyirlər. Baxmut sakini Lyudmyla Malinovska: "Gedəcək yerimiz yoxdur, biz burada [bunkerdə] qalırıq. Siz hələ də bura gəlib insanlarla danışa bilirsiniz. Küçəyə çıxmaq qorxuludur. Partlayışlara görə heç kim küçələrdə gəzmir."

Tez-tez baş verən partlayışlara baxmayaraq, Donbasın digər şəhər və qəsəbələrində qalan bəzi sakinlər zorakılıqlar səngiyəndə insanların geri qayıdacağına ümid edir və evlərini qorumağa çalışır.

Cəbhə xəttindən təxminən 10 kilometr aralıda yerləşən Çasiv Yar şəhərinin sakinləri deyirlər ki, cəmi bir il əvvəl onların şəhəri təbii gözəlliyi olan və sənayeyə malik bir şəhər idi. Çasiv Yar sakini Aleksadr Pavloviç: "Buraya kaset bombası düşdü və onun dalğası oraya keçərək, binanı dağıtdı. Binanın dağıntıları isə evə töküldü. Görürsünüz, bütün divar deşik-deşikdir."

Çasiv Yardakı mağazaların çoxu bağlıdır. Şəhərdə qalan satıcılar daim atəş açıldığını və işləməyin çox təhlükəli olduğunu bildirir. Digərləri isə şəhərdə qalıb, iş yerlərini açıq saxlamağın vətənpərvərlik olduğunu deyir. Serhiy Zamulenko: "Mən Ukraynanın vətənpərvəriyəm. Ukrayna mənim vətənimdir. Bura mənim torpağımdır. Bu müharibə mənim qətiyyətimi daha da gücləndirdi. Rusiya isə terrorçu ölkədir".

Zamulenko deyir ki, həm Rusiya, həm də Ukrayna ilə ailəvi və mədəni əlaqələri olan bir bölgədə bəzi qonşuları onun bağlılığını dəstəkləmir.

Donbas bölgəsi Rusiyanın bir il əvvəl irimiqyaslı hərbi müdaxiləyə başlamasından çox əvvəl, 2014-cü ildən demək olar ki, müharibə şəraitindədir. Lakin zorakılığın hazırkı səviyyəsinin misli görünməyib və ölkə boyu geniş yayılıb.

BMT-nin hesablamalarına görə, son 11 ayda Ukraynada 7 mindən çox dinc sakin öldürülüb.