Qərb Rusiyanın "çirkli bomba" ritorikasını rədd edir

Qərb ölkələri Rusiyanı Ukraynada vəziyyəti gərginləşdirmək üçün nüvə materialına malik bomba təhlükəsindən bəhanə kimi istifadə etməkdə ittiham ediblər.

Moskva isə bazar ertəsi "çirkli bomba" partlatmağı Ukraynanın planlaşdırdığı ilə bağlı iddialarını bir daha təkrar edib. Kyiv bunu qəti şəkildə rədd edir.

Rusiyanın nüvə, bioloji və kimyəvi silahlardan müdafiə qüvvələrinin komandanı general-leytenant İqor Kirillov mətbuat konfransında bildirib ki, Rusiya qoşunları "radioaktiv çirklənmə şəraitində işləməyə hazırlaşır".

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, müdafiə naziri Sergey Şoyqu bazar günü ABŞ, Britaniya, Fransa və Türkiyədən olan həmkarlarına Ukraynanın "çirkli bomba" ilə bağlı mümkün təxribatlarından" narahatlığını bildirib.

"Çirkli bomba" radioaktiv materialların səpilməsi üçün adi partlayıcılardan istifadə edilən qurğudur. ABŞ-ın Nüvə Tənzimləmə Komissiyasının (NRC) bildirdiyinə görə, əksər çirkli bombalar "insanları öldürmək və ya ağır xəstəliklərə səbəb olmaq üçün kifayət qədər radiasiya buraxmır", lakin təlaş yarada və əmlakı çirkləndirə bilər. Komissiyanın bildirdiyinə əsasən, müqayisədə nüvə bombaları milyonlarla dəfə daha güclüdür.

ABŞ, Britaniya və Fransanın xarici işlər nazirləri bazar günü axşam yaydıqları bəyanatda Ukraynanı dəstəklədiklərini bir daha təkrarlayıb və Şoyquya "Rusiyanın açıq-aşkar yalan iddialarını" rədd etdiklərini açıq şəkildə bildiriblər.

"Dünya bu iddiadan eskalasiya üçün bəhanə kimi istifadə etmək cəhdini görəcək. Biz eləcə də Rusiya tərəfindən eskalasiya üçün gətirilən istənilən bəhanəni rədd edirik" ABŞ, Britaniya və Fransa nazirləri bildirib.

ABŞ müdafiə naziri Lloyd Austinin bazar günü Şoyqu ilə telefon danışığı olub. Bu, iki nazir arasında üç gün ərzində ikinci telefon danışığıdır. Pentaqon Ostinin Rusiyanın eskalasiya üçün hər hansı bəhanəsini rədd etdiyini və "Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız müharibəsi" fonunda müzakirələrin davam etdirilməli olduğunu bir daha təsdiqlədiyini bildirib.

Ukrayna Rusiyanın Ukrayna qüvvələrinin radioaktiv qurğunu işə sala biləcəyi ilə bağlı iddialarını rədd edib və Rusiyanın məsuliyyəti Ukraynanın üzərinə ataraq, belə bir hərəkəti planlaşdırmaqda ittiham edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Twitter səhifəsində "Rusiyanın Ukraynanın "çirkli bomba" hazırlaması ilə bağlı yalanları təhlükəli olduğu qədər də absurddur" yazıb.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə etdiyi çıxışı zamanı deyib ki, Rusiya regionda nüvə silahından istifadə etməyə qadir olan yeganə ölkədir.

"Əgər Rusiya Ukrayna nəsə hazırlayır deyirsə, bu o deməkdir ki, Rusiyanın bütün bunları artıq özü hazırlayıb. Fikrimcə, indi dünya buna ən sərt şəkildə reaksiya verməlidir" Zelenski deyib.

Bazar günü eləcə də Rusiya Ukraynanın cənubundakı Mikolayev şəhərinin ətrafına raket zərbəsi endirib.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, iki yaşayış binası dağılsa da, ölən olmayıb. Belə ki, altı ay əvvəl yaxınlıqdakı oxşar hücumdan sonra sakinlərin əksəriyyəti köçüb.