Ukrayna ordusunun çərşənbə günü bildirdiyinə görə, Rusiya qüvvələrinin Ukraynanın bir çox bölgəsini hədəf alan 25 pilotsuz təyyarəsindən 20-ni vurub.
Ukrayna Hərbi Hava Qüvvələri əməliyyatların Çerkassı, Dnipropetrovsk, Xerson, Kyiv, Poltava və Sumı vilayətləri üzərində həyata keçirildiyini bildirib.
Tələfat və ya böyük dağıntılar barədə məlumat verilməyib.
Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarənin vurulduğunu bildirib.
Belqorod rəsmiləri həmçinin bildiriblər ki, "səlahiyyəti olmayan şəxslərin müdaxiləsindən" sonra yük qatarı relsdən çıxıb.
Rusiyanın milli dəmir yolu operatorunun yerli ofisi açıqlamasında 11 boş vaqon və bir lokomotivin relsdən çıxdığını bəyan edib.
Son döyüşlər ABŞ dövlət katibi Antoni Blinken və Britaniyanın xarici işlər naziri David Lemminin yüksək vəzifəli şəxslərlə danışıqlar aparmaq üçün çərşənbə günü Ukraynaya səfəri zamanı baş verib.
Blinken çərşənbə axşamı "Düşünürəm ki, bu, payızın gərgin döyüş mövsümünün ortasında Ukrayna üçün kritik məqamdır, çünki Rusiya təcavüzünü artırmaqda davam edir" deyib.
ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Birləşmiş Ştatların Rusiya ilə müharibədə Ukraynanın uzaqmənzilli silahlardan istifadəsinə qoyduğu məhdudiyyətləri aradan qaldırmaq üçün hərəkətə keçə biləcəyini deyib.
Birləşmiş Ştatlar münaqişənin gərginləşməsindən ehtiyat edərək, Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ABŞ tərəfindən təchiz edilmiş silahlardan istifadəsini qətiyyətlə istəmir.
Ukraynanın bəzi müttəfiqləri Kyivi bu cür silahlarla təmin etsə də, lakin silahı tədarük edən ölkələr silahların necə və nə vaxt istifadə olunacağına məhdudiyyətlər qoyub.
Çərşənbə axşamı ABŞ-ın Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri qaldırıb-qaldırmayacağı ilə bağlı sualın cavabında Bayden deyib ki, onun administrasiyası "hazırda bunun üzərində işləyir".
Çərşənbə axşamı Blinken Sky News-a verdiyi müsahibədə ABŞ-ın Ukraynanın Rusiyada uzaqmənzilli raketlərdən istifadəsinə icazə verməklə bağlı mövqeyində dəyişiklik ola biləcəyini də qeyd edib.
"Biz bunu heç vaxt istisna etmirik. Lakin biz qərar qəbul edəndə əmin olmaq istəyirik ki, bu, ukraynalıların nail olmağa çalışdıqları mövqedən edilir" - deyə, Blinken bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı gündəlik müraciətində deyib ki, "Ukraynanın prioriteti ədalətli sülhdür və hər raket, hər pilotsuz təyyarə və düşmənin hər hərəkəti, bu müharibəni daha uzun və daha qəddar etmək cəhdi mütləq dünyanın cavabı ilə qarşılaşacaq".
Onun sözlərinə görə, Ukrayna "nə qədər çətin olsa da, dünyada birliyi təmin edəcək."