Rusiya qüvvələri cənub bölgəsində hücumları gücləndirir

Kyivin mayın 2-də bildirdiyinə görə, son bir gün ərzində Rusiya qüvələri Ukraynanın Baxmutdakı mövqelərinə yenə də uğursuz hücumlar edib. Donetsk vilayətinin şərqindəki bu şəhər uğrunda döyüşlər uzandığından Rusiya Ukraynanın cənub rayonlarına hücumlarını gücləndirib.

Ukrayna prezidenti Volodimir Zelenski mayın 1-də deyib ki, keçən gün Rusiya raketləri Ukraynanın şimal və mərkəzini hədəf alıb və nəticədə Çerniqov vilayətində 14 yaşlı uşaq, Dnepropetrovsk vilayətinin Pavlohrad şəhərində iki nəfər həlak olub.

Gecə çıxışında Zelenski Pavlohradda daha 40 nəfərin yaralandığını bildirib.

Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq, qüvvələrinin Ukrayna mövqelərinə raket zərbələri endirdiyini və bütün raketlərinin təyin olunmuş hərbi obyektləri vurduğunu iddia edib. Hava hücumlarının tez-tez xəstəxanalara, yaşayış binalarına, məktəblərə və digər mülki infrastrukturlara zərbə endirməsinə baxmayaraq, Moskva Ukraynaya səbəbsiz işğala başlayandan bəri dinc əhalini hədəf aldığını dəfələrlə inkar edib.

Ukrayna ordusunun Baş Qərargahı mayın 2-də gündəlik hesabatında Donetskdə ukraynalı müdafiəçilərin son 24 saat ərzində 41 hücumu dəf etdiyini, onların əksəriyyətinin Baxmut-Avdiyivka-Maryinka istiqamətində cəmləşdiyini bildirib.

Rusiya Ukraynanın cənubunu, əsasən də Xerson vilayətinin azad edilmiş hissələrini hədəfə alıb. Vilayətin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin bildirdiyinə görə, son 24 saat ərzində 71 atəş açılıb.

Ukrayna Xersonun bir hissəsini noyabr ayında, Rusiya qoşunları Dnepr çayı üzərindən şərqə doğru geri çəkilərkən geri alıb. Rusiya Dnepr çayının o tayından bölgəni mütəmadi olaraq atəşə tutmaqda davam edir və son zamanlar belə hücumları artıb.