Ukraynalı qaçqınların çoxu bir gün evlərinə qayıdacaqlarına ümid edir

Your browser doesn’t support HTML5

Ukraynalı qaçqınların çoxu bir gün evlərinə qayıdacaqlarına ümid edir

Təxminən 6,5 milyon. Bu, Rusiyanın genişmiqyaslı müdaxiləsinin üçüncü ilində Birləşmiş Millətlər Təşkilatının hesabladığı ukraynalı qaçqınların sayıdır. Agentliyin son hesabatına görə, onların əksəriyyəti bir gün evlərinə qayıtmağa ümid edir.

Darya Friç-Alçina 2022-ci ilin martında, müharibənin əvvəlində doğma Ukraynanın Mikolayiv şəhərini tərk edərkən özü ilə yalnız bel çantası və uşaq bezi götürüb.

O vaxt onun qızı Saşa 6 aylıq idi. Darya Friç-Alçina: "Mən evdə qalmaq istəyirdim. Lakin sonra bizim qonşu evə raket düşüb partladı. Pəncərələrimiz sındı və bu, həqiqətən də qorxunc idi. Ona görə də qaçmaq qərarına gəldik".

Friç-Alçina qızı və anası ilə birlikdə İtaliyaya getdi. Siciliyadakı monastırlar onlara bir ildən çox sığınacaq verdi. Darya Friç-Alçina: "Ümid edirdim ki, bu, cəmi iki həftə davam edəcək. Amma mənim yaşadığım yer o vaxtlar işğal olunmuş Xersona çox yaxın idi və qorxulu idi. Lakin 2022-ci ilin payızında Xerson azad edildikdən sonra evə getmək üçün bilet aldım".

Friç-Alçina etiraf edir ki, Mykolayiv hələ də cəbhə xəttində şəhər hesab olunduğu üçün qayıtmaq qərarı çətin olub. Amma onun bunun üçün güclü səbəbi var idi. "Həyat yoldaşım (hərbi) zabitdir. Müharibə başlayanda onu səhər tezdən çağırdılar. Mən qızımızın atasını tanımayacağından narahat idim. O, çox balaca olanda qaçdıq və o, bütün il atasız böyüdü".

Balaca Saşa indi sığınacaqlı uşaq bağçasına gedir. Ailə daimi siren səslərinə alışıb. Friç-Alçina Ukraynanın cənubunu təbliğ edən və mədəniyyət festivalları təşkil edən qeyri-kommersiya təşkilatında işləyir. Darya Friç-Alçina: "Biz Mikolayivə qayıdanda mən yenidən nəfəs aldım. Mən burada lazım olduğumu bilirdim".

Müdaxilə başlayanda xaricə qaçmaq Tetyana Miroşniçenko üçün seçim deyildi. Onun Kyiv vilayətindəki İvankiv şəhəri demək olar ki, dərhal işğal edilmişdi. Tetyana Miroşniçenko: "36 gün çətin idi, həm də psixiki cəhətdən. Kyivi bombalamaq üçün demək olar ki, hər gecə bizim damımızın üstündən təyyarələr uçurdu. Beləliklə, Rusiyanın müdaxiləsi başa çatdıqdan sonra qərara gəldim ki, biz xaricə getməliyik".

O, qızı İvankanı götürüb Bolqarıstana gedib və orada altı ay qalıb. Tetyana Miroşniçenko: "Ukrayna şirkətlərindən birində uzaqdan işlədim. Lakin maaşım orada rahat yaşamaq üçün yetərli deyildi. Üstəlik, kiçik bir uşaqla tək idim, yerli uşaq bağçası dolu idi".

Bundan əlavə, balaca İvanka daim ev üçün darıxdığını deyirdi. "Mən bunu etdim. Üstəlik, bizim rayonda nisbətən sakitlik hökm sürürdü. Beləliklə, biz keçən payız qayıtdıq".

İvanka bu payız məktəbə getməyə hazırlaşır. Və o özünün ilk rəqsini nümayiş etdirib. Anası deyir ki, müharibəyə baxmayaraq, hər ikisi evdə olmaqdan məmnundurlar. Tetiana Miroşniçenko: "Biz qayıtdıqdan bir-iki həftə sonra böyük bir raket hücumu oldu. Ancaq evdə nəfəs almaq daha asan olduğu üçün qayıtmaq qərarından peşman olmadım".

Hər iki ana evlərini yalnız yenidən Rusiyanın müdaxilə təhlükəsi olarsa tərk edəcəklərini deyir.