Ukrayna rəsmiləri deyir ki, Rusiya şənbə gününə keçən gecə onlarla raket atıb.
Reuters yerli rəsmilərdən sitat gətirərək deyib ki, hava hücumundan müdafiə sistemləri Ukraynanın ən azı beş bölgəsində raketləri vurub.
Nə vurulan hədəflərlə bağlı hər hansı bir təfərrüat, nə də itkilər barədə dərhal məlumat verilməyib.
Agence France-Presse hava qüvvələri rəsmilərinə istinad edərək bildirib ki, Rusiyanın hücumunda bir sıra silahlar, o cümlədən, qanadlı, balistik və təyyarə əleyhinə raketlər və dronlardan istifadə olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü gündəlik müraciətində deyib ki, yanvarın 12-si “dövlətimizin tarixinə artıq daxil olan” bir gündür, çünki Ukrayna Britaniya ilə “uzun müddətdir üzərində işlədiyimiz” təhlükəsizlik sazişi əldə edib.
Britaniya baş naziri Rişi Sunak cümə günü Ukrayna üçün 3,2 milyard dollara yaxın yeni hərbi maliyyə vəsaitini açıqlamaq üçün cümə günü Kiyevə səfər edib. Bu, Rusiyanın ölkəni işğal etməsindən bəri Britaniyanın Ukraynaya ən böyük yardımıdır.
Sunak deyib ki, o, xalqı və Ukraynanın dünyadakı müttəfiqləri adından Ukraynaya heç vaxt tək qalmayacaqlarına dair mesaj göndərir. O bildirib ki, Ukraynada müharibə xalqın özünü müdafiə etmək və müstəqil demokratiya olmaq hüququ ilə əlaqəlidir.
“Əgər [Rusiya Prezidenti Vladimir] Putin Ukraynada qalib gəlsə, orada dayanmayacaq,” Sunak deyib. Onun sözlərinə görə, Ukraynanı dəstəkləməkdə tərəddüd etmək Putin və onun Şimali Koreya, İran və başqa yerlərdəki müttəfiqlərini cəsarətləndirəcək.
Zelenski deyib ki, o, cümə günü həmçinin ABŞ-ın Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi Penni Pritzkerlə görüşüb.
“Biz səbirsizliklə Konqresin Ukraynaya əlavə dəstəklə bağlı qərarını gözləyirik,” o deyib. “Bu dəstək təkcə bizim üçün deyil, sabitliyi beynəlxalq hüququn gücündən asılı olan hər bir dövlət üçün vacibdir.” ABŞ Konqresinin bəzi üzvləri Ukraynaya davamlı dəstəkdən çəkinirlər