Çərşənbə axşamı Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak Türkiyənin Qara dəniz taxıl təşəbbüsünü bərpa etmək üçün Ukraynanın mövqeyini yumşaltmaq təklifini rədd edib.
Ukrayna Moskvaya qarşı sanksiyaların yumşaldılmasını və ya "yüngülləşdirmək" siyasətini dəstəkləməyəcək” - deyə, Podolyak bildirib.
"Gəlin hələ də realist olaq, mövcud olmayan variantları müzakirə etməyi dayandıraq və Rusiyanı yeni cinayətlərə daha da həvəsləndirməyək", Podolyak Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın Vladimir Putinlə danışıqlardan sonra, bazar ertəsi verdiyi açıqlamaları ilə bağlı sualı cavablandırarkən Reuters xəbər agentliyinə deyib.
Podolyak bəyan edib ki, Rusiya Ukraynanın dəniz limanlarının və ixrac infrastrukturunun dağıdılmasında "son dərəcə maraqlıdır".
Onun sözlərinə görə, Rusiyaya taxıl sövdələşməsi lazım deyil, əksinə, Rusiya Ukraynanı dünya taxıl bazarından kəsməkdə, taxılın qiymətini qaldırmaqda və Qara dənizdə inhisar nəzarəti əldə etməkdə maraqlıdır.
"Ukraynanın(mövqeyinin) "yumşaldılmasının" yeridirmi? Və açıq deyək ki, biz "təcavüzkarı sakitləşdirmək" oyunu oynamayacağıq və sanksiyaların ləğvi üçün səy göstərməyəcəyik", Podolyak deyib.
Putinlə danışıqlardan sonra Ərdoğan deyib ki, taxıl müqaviləsi tezliklə bərpa oluna bilər. BMT-nin bildirdiyinə görə, müqavilə Ukrayna taxılının bazara çıxarılaraq, ərzaq böhranının aradan qaldırılmasına yardım edib.
Ukrayna hökumətinin yüksək səviyyəli rəsmisi çərşənbə axşamı Reuters xəbər agentliyinə bildirib ki, Kyiv bazar ertəsi Ərdoğan və Putin arasında keçirilən danışıqlardan sonra taxıl ixracı ilə bağlı vəziyyətin dəyişəcəyini gözləmir.