Ukrayna parlamenti çərşənbə axşamı Oleksiy Reznikovun müdafiə naziri vəzifəsindən, Rustem Umerovun isə ölkənin əsas özəlləşdirmə agentliyinin rəhbəri vəzifələrindən istefasını təsdiqləyib.
Ukrayna prezidenti Volodimir Zelenski keçən bazar günü Reznikovu tutduğu vəzifədən uzaqlaşdırmaq qərarına gəldiyini açıqlayıb və onun yerinə Umerovun namizədliyini təklif edib. Bunun üçün parlament onların tutduqları vəzifədən kənarlaşdırılmasını təsdiqləməli və Umerovun müdafiə naziri vəzifəsinə təyin olunmasına dəstək verməlidir.
Çərşənbə axşamı parlament iki səsvermə ilə bu prosesin birinci mərhələsini başa vurub. Çərşənbə günü isə Umerovun təyinatının dəstəklənəyəcəyi gözlənilir. Reznikov bazar ertəsi istefa verib.
Reznikovun istefası Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin 18 ayı ərzindı Ukraynanın müdafiə sistemində edilən ən böyük kadr dəyişikliyidir.
Krım tatarı, Ali Radanın keçmiş deputatı Umerov 2022-ci ilin sentyabrından Dövlət Əmlak Fonduna rəhbərlik edir. Onun əsas xidmətlərindən biri olaraq korrupsiya qalmaqalları ilə üzləşən bu qurumda dəyişikliklər edə bilməsi göstərilir. O, dövlət əmlakının satışını bərpa edərək, müharibə dövründə dövlətin rekord gəlir əldə etməsinə nail olub.
Umerov həmçinin Qara Dəniz Taxıl Təşəbbüsü və hərbi əsirlərin mübadiləsi üzrə danışıqlarda, o cümlədən 2022-ci ildə Mariupol uğrunda döyüşlər zamanı əsir düşən Azov döyüşçülərinin taleyi ilə bağlı danışıqlarda iştirak edib.
O, Facebook şəbəkəsindəki paylaşımında fondun son bir ildə əldə etdiyi nailiyyətləri sadalayıb və ona dəstək olanlara təşəkkür edib.
"Qarşıda yeni, daha vacib vəzifələr var. Mümkün qədər səmərəli olmalıyıq, çünki gecikdiyimiz hər saat müdafiəçilərimizin həyatı deməkdir" -deyə, Umerov yazıb.
41 yaşlı Umerovun tutduğu vəzifədən kənarlaşdırılması ilə bağlı səsvermənin nəticələrini parlament iclasında iştirak edən bir neçə deputat təsdiqləyib.
Parlamentin Reznikovun istefasına səs verdiyini təsdiqləyən Ukraynanın hərbi idarəsi onun fəaliyyətini yüksək qiymətləndirib.