NATO Ukraynanın alyansa daxil olma vaxtını nəzərdən keçirir

Yens Stoltenberq cümə axşamı deyib ki, Moskva Ukraynanın Şimali Atlantika Alyansına üzv olmasına mane ola bilməz.

"Bütün müttəfiqlər razılaşır ki, Moskvanın NATO-nun genişlənməsinə qarşı veto hüququ yoxdur. Biz irəliləyirik. Müttəfiqlər (bir-biri ilə) Ukraynanın (alyansa) üzv olacağı ilə razılaşır" - deyə, NATO-nun Baş katibi Osloda jurnalistlərə bildirib.

Xatırladaq ki, NATO ölkələrinin xarici işlər nazirləri alyansın iyul ayında Vilnüsdə keçiriləcək sammiti ərəfəsində mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün Norveçin paytaxtında toplaşıb.

Ukrayna prezidenti Volodimir Zelenski Moldovada 40-dan çox Avropa liderinin iştirak etdiyi görüşdə çıxış edərək, Kyivin sammitdə NATO-dakı gələcəyi ilə bağlı "qəti" qərar verilməsini istədiyini vurğulayıb.

2008-ci ildə alyans Ukraynanın ona qoşulma imkanları barədə qərar qəbul etsə də, hələ də Kyivə qoşulmaqla bağlı fəaliyyət planı təqdim edilməyib.

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis xatırladıb ki, Kyiv 14 il NATO-dan cavab gözlədiyi müddətdə iki dəfə işğala məruz qalıb.

"Danışıqlar masası arxasına oturmağın və Ukraynanın NATO-ya necə inteqrasiya edəcəyi və nə vaxt alyansa üzv olacağı sualına konkret cavab tapmağın vaxtı çatıb" - deyə, o bildirib.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bu çağırışı dəstəkləyib və əlavə edib ki, Rusiyanın faydalana biləcəyi hər hansı "boz zona" qoymamaq üçün müharibədən sonra Kyivə etibarlı təhlükəsizlik zəmanəti vermək lazımdır.

Stoltenberq həmçinin Rusiyanın yeni hərbi əməliyyatlarının qarşısını almaq üçün Kyiv üçün təhlükəsizlik zəmanəti çərçivəsini hazırlamağa çağırıb.

Digər müttəfiqlər, xüsusilə Almaniya və Lüksemburq Ukraynanın NATO-ya erkən daxil olma ehtimalı ilə bağlı riskləri qeyd edib.

Macarıstan bu məsələnin qarşıdan gələn sammitin gündəliyində ola bilməyəcəyi qənaətindədir.

"NATO-nun açıq qapı siyasəti qüvvədə qalır, lakin aydın məsələdir ki, biz müharibə vəziyyətində olan yeni üzvün qəbulu haqqında danışa bilmərik" - deyə, Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.