NATO Baş katibinin ofisinin rəhbəri Stian Yenssen iki gün əvvəl Norveçin Arendal şəhərində ictimai müzakirələr zamanı deyib ki, Ukraynanın alyansa üzvlük müqabilində ərazilərinin bir hissəsindən imtina etməsi Rusiyanın Ukraynaya qarşı müharibəsinin “mümkün həllərin”dən biri ola bilər. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə bunun cavabında deyib ki, "Ukrayna əraziləri ilə al-ver ola bilməz". Onun dediklərindən UNIAN sitat gətirib.
Onun sözlərinə görə, NATO-nun Baş katibi və ofisinin rəhbəri iki fərqli şəxslərdir və prezident Volodimir Zelenski dəfələrlə Yens Stoltenberqlə əlaqə saxlayıb, onunla şəxsən çox yaxın münasibətləri var. "Sizi əmin edirəm ki, Baş katibin mövqeyi tamamilə aydındır və Ukraynanın mövqeyi ilə tam eynidir - Ukrayna əraziləri ilə heç bir ticarət ola bilməz", Kuleba deyib.
Xarici İşlər Nazirliyinin rəhbəri Kyivin Ukraynanın NATO-ya üzvlüyünə doğru mümkün qədər tez irəliləməsinə çalışdığını, lakin variantların müzakirə olunmadığını bəyan edib.
"Bütün bunlara nöqtə qoyuram. Dünyada hamı güclü, qalib Ukraynanı istəyir? Aydındır ki, yox. Başqa ölkələrin hökumətləri Ukraynanı müzakirə edir və nəyisə təslim etməsinin gərək olduğuna eyham vururmu - qətiyyən yox, belə deyil. Müxtəlif ekspertlərin - rüşvətxor, səmimi, faydalı, axmaq exspertlərin çox fərqli səslər varmı - var", Kuleba əlavə edib.
Yenssenin bəyanatı Kyivin kəskin reaksiyasına səbəb olub. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib ki, bəzi Ukrayna ərazilərindən imtina müqabilində Ukraynanın NATO-ya daxil olması barədə söhbətlər “tamamilə qəbuledilməzdir”.
Nikolenko "Mən həmişə güman etmişəm ki, alyans da Ukrayna kimi əraziləri ilə alver etmir. Şüurlu və ya şüursuz NATO rəsmilərinin Ukraynanın öz ərazilərindən çıxmasının mümkünlüyü barədə rəvayətin formalaşmasında iştirakı Rusiyanın xeyrinədir. Bunun əvəzində, Avro-Atlantik təhlükəsizliyin maraqlarına uyğun olaraq, biz Ukraynanın qələbəsini və NATO-ya tamhüquqlu üzvlüyünü sürətləndirməyin yollarını müzakirə etməliyik" deyib.
Açıqlamasından bir gün sonr Yenssen "bu qədər gərəksiz danışmamalı idim" və "bu, səhv idi" deyib.