"Qara zanbaq" dəstəsi [Video]

Your browser doesn’t support HTML5

Ukraynanın şərqində atəşkəs razılığı zəiflədikcə, könüllülər dəstəsi separatçıların Donetsk Xalq Respublkası adlandırdıqları ərazidəki Savur-Mogila kəndinə gedərək, oradan Ukrayna döyüşçülərinin cəsədlərini toplamağa başlayıb.

Ukraynanın şərqində artan zorakılıqlar səbəbindən ölənlərin sayı da çoxalır. Döyüşlərdə həlak olan əsgərlərin əksəriyyətinin adları məlum deyil və məzar daşı olmadan belə dəfn edilir. Rusiya ilə sərhəd yaxınlığındakı Savur-Mogila kəndində həlak olan Ukrayna əsgərlərinin cəsədlərini toplayan könüllülər dəstəsi “Qara Zanbaq” adlanır.

Burada döyüş mövqelərindən demək olar ki, heç nə qalmayıb. Lakin yerə basdırılmış minaların qorxusu hələ də mövcuddur. Buna baxmayaraq, könüllülər burada pulsuz çalışır. Alerksey “Qara Zambaq” könüllüsüdür. “Burada bir cəsədin olduğunu bizə sakinlər xəbər verdi. Burada avqust ayında döyüşlər olmuşdu. Ukrayna əsgərləri geri çəkilməli olmuş, yalnız bir əsgər qalmışdı.”

Ukrayna hökumətinin nəzarətində olan ərazilərdən savayı könüllülər separatçıların nəzarətində olan ərazilərdə də fəaliyyət göstərə bilirlər. Bu, hər iki tərəfin razılığı əsasında olan əməkdaşlıqdır.

“Biz cəsədləri həm Ukrayna tərəfə, həm də separatçılara veririk. Ukraynanın Müdafiə Nazirliyi ilə Donetsk Xalq Respublikası arasında bununla bağlı razılıq əldə edilib.” deyə, Aleksey bildirir.

Separatçıların itkin düşmüş insanlar üzrə kommissarı Liliya Radionova könüllülər qrupuna yardım edir. O, deyir ki, itkin düşən insanların ailələrindən hər gün minlərlə məlumat alır və onun masası məktublar və şəkillərlə doludur. “Ukraynalı əsgərlərin qohumları, ana və ataları, həyat yoldaşlarından çox sayda zənglər gəlir. Bu, döyüşlər zamanı itkin düşən Ukrayna əsgərlərinin siyahısıdır.”

Fevral ayında əldə edilən atəşkəs razılığına əsasən cəsədlər və müharibə əsirləri qaytarılmalı olsa da, bu dəstəyə burada işləmək üçün icazə almaq çətin oldu. Lakin Radionova deyir ki, tərəflər arasında əməkdaşlıq getdikcə yaxşılaşır. “Biz Donetsk aeroportundan 22 cəsədi onlara qaytarandan sonra çox şey dəyişdi. Müəyyən etimad yarandı.”

Könüllülər tapdıqların cəsədin üsyançı döyüşçü olduğunu düşünürlər. Onlar şəxsiyyətinin müəyyənləşdirilməsi üçün cəsədi səlahiyyətli şəxslərə təhvil verəcəklərini deyirlər. “Biz cəsədin üzərində axtarış aparırıq. Bəzən ciblərindən sənəd çıxır və cəsədin kimə aid olduğunu öyrənirik. Heç bir sənəd olmadıqda isə biz cəsədi təhqiqat üçün DNK-ya veririk.”

Keçən ildən bəri Ukraynanın şərqindəki münaqişə döyüşçülər və mülki vətəndaşlar olmaqla, 6 mindən çox insanın həyatına son qoyub. Bu isə o deməkdir ki, qrupun işi hələ uzun sürəcək.