Ukraynalı qadınlar vətənləri uğrunda döyüşmək üçün silahlı qüvvələrə qoşulur

Your browser doesn’t support HTML5

Ukraynalı qadınlar vətənləri uğrunda döyüşmək üçün silahlı qüvvələrə qoşulur

Ukraynanın cəmiyyətinin müxtəlif təbəqələrindən olan qadınlar öz vətənləri uğrunda döyüşmək üçün silahlı qüvvələrə qoşulub. Valentina: "Əvvəlcə bu, həm anlaşılmaz, həm də qorxulu idi. Lakin sonra bütün emosiyalarını kənara qoyub və sadəcə işləyirsən."

Kyiv sakini Valentina 2022-ci il fevralın 25-də manikür ustası işlədiyi gözəllik salonunu tərk edərək, Ukrayna Silahlı Qüvvələrinə tibb işçisi kimi daxil olub. Bu gün o, yaralı əsgərlərə qulluq edir və onların təhlükəsiz şəkildə xəstəxanaya çatdırılmasını təmin edir.

O, bir il cəbhə xəttində olub. "Dostlarımı itirməkdən yorulmuşam. Ən yaxın dostum keçən ay öldürüldü, digəri isə əsirlikdədir. Bizimlə həkim işləyən başqa bir qız bir neçə gün əvvəl raketlə vuruldu. Bütün bunlardan uzaqlaşmaq istəyirəm. Amma bunu yalnız qalib gələndən sonra edəcəyəm" - deyə, Valentina bildirir.

Valentina yeni rəfiqəsi, Sumi rayonundan olan 29 yaşlı tibb bacısı Yuliya ilə məhz cəbhə bölgəsində tanış olub. "Mənim əla dostlarım var. Silahlı qüvvələrə qoşulanda bir az qorxdum ki, bərabərsizlik, müəyyən təzyiq ola bilər, lakin mən bunları heç hiss etmirəm. Dostlarımın hamısı çox dəstək verir."

Çavuş Anna deyir ki, ona silahlı qüvvələrdə kişilərlə eyni münasibət göstərilir. "Burada qadının xüsusi imtiyazları yoxdur, qızlarımız səngərdə oğlanlarla döyüşməyə, yerdə yatmağa və eyni qabdan yemək yeməyə hazırdırlar. Bu, normaldır".

Anna silahlı qüvvələrə 2015-ci ildə 18 yaşı tamam olandan sonra qoşulub. 2018-ci ildə o, ordudan ayrılıb, ailə qurub, uşaq dünyaya gətirib. Lakin 2022-ci ildə Rusiyanın müdaxiləsindən sonra Anna üç yaşlı oğlunu qorumaq istəyi ilə yenidən silahlı qüvvələrə qayıdıb. "Fevralın 24-də güclü atəş səsləri eşitdiyim üçün çarpayıdan atıldım. Dərhal aydın oldu ki, müharibə başlayıb. Uşağım yanımda yatırdı, çox qorxulu, emosional olaraq çox ağır idi”ğ".

Valentinanın uşağı yoxdur. Lakin o, ölkəsinin bütün uşaqlar üçün təhlükəsiz olması uğrunda mübarizə aparır. Valentina: "Bu, mənim gələcəyim, doğulmamış uşaqlarımın, ailəmin gələcəyi ilə bağlıdır. Ruslar bir neçə əsrdir ki, bizi yox etməyə çalışır. Bizdən başqa Ukraynanı kim qoruyacaq".

Müharibə başa çatdıqda Valentina kafe-kitab mağazası açmaq istəyir. Yuliya öz döymə salonunu açmağı xəyal edir. Anna isə səbirsizliklə ailəsi və kiçik oğluna qovuşmağı gözləyir.