Ukrayna hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın 14 dronunu məhv etdiyini bildirir

Ukrayna hərbi qüvvələrinin bazar ertəsi bildirdiyinə görə, Rusiya keçən gecə ərzində 17 pilotsuz təyyarə və dəqiqləşdirilməmiş sayda idarə olunan raketlərdən istifadə edərək, hücumlar həyata keçirib.

Məlumatda Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinin İran istehsalı olan 14 "Şahed" dronunu və bir raketi vurduğu bildirilib.

Pilotsuz təyyarələr və raket Xmelnitski, Vinnitsa, Kirovohrad, Mikolayiv, Dnipropetrovsk və Zaporijye daxil olmaqla, Ukraynanın bir sıra bölgələrində vurulub.

Dnipropetrovsk vilayətinin qubernatoru Rusiyanın pilotsuz təyyarəsinin hücumu zamanı enerji obyektində yanğın baş verdiyini bildirib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Ukraynanın rəqəmsal texnologiya naziri Mixaylo Fyodorovun Reuters xəbər agentliyinə bildirdiyinə görə, Ukrayna bu il Rusiya ərazisinin dərinliklərinə hücumlar həyata keçirə biləcək minlərlə uzaqmənzilli dron istehsal etməyi planlaşdırır.

"Uzaqmənzilli kamikadze dronlarının kateqoriyası artır və onlar 300, 500, 700, 1000 kilometr məsafəni qət edir. İki il əvvəl bu kateqoriya ümumiyyətlə yox idi" - deyə, Fyodorov Reuters xəbər agentliyinə bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə müraciətində Ukraynanın hava hücumundan müdafiə və elektron döyüş sistemlərini təkmilləşdirməyə çalışdığını deyərək, bunları bu ilin əsas prioritetləri adlandırıb.

Həm Rusiya, həm də Ukrayna son aylar hava hücumlarını intensivləşdirərək, bir-birinin əsas enerji, hərbi və nəqliyyat infrastrukturunu hədəf alıb.

Rusiya bazar ertəsi hərbi qüvvələrinin Ukraynanın nəzarət etdiyi bəzi bölgələrində "Starlink" peyk rabitə sistemindən istifadə etdiyini təkzib edib.

"Bu, bizim sertifikatlaşdırdığımız sistem deyil və ona görə də rəsmi şəkildə buraya çatdırıla bilməz və rəsmi şəkildə təmin olunmur. Buna görə də, rəsmi olaraq ondan heç bir şəkildə istifadə edilə bilməz", Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.

Təkzib Ukrayna hərbi kəşfiyyatının Rusiya qoşunlarının döyüş meydanında rabitə üçün "Starlink"dən istifadə etdiyinə dair əvvəlki xəbərləri təsdiqlədikdən bir gün sonra gəlib. Peyk terminalları Ukraynaya 2022-ci ildə Rusiyanın hərbi müdaxiləsindən sonra göndərilib. O vaxtdan bəri Ukraynanın şərqindəki bu ərazilərin bir hissəsi Rusiya qüvvələri tərəfindən işğal olunub.