Zelenski: Beynəlxalq Cinayət Məhkəməsi Kaxovka Su Elektrik Stansiyası bəndinin dağılması faktını araşdırmağa başlayıb

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələri Kaxovka Su Elektrik Stansiyasında Ukraynanın cənubunda onlarla yaşayış məntəqəsinin su altında qalması ilə nəticələnən bəndin dağılması faktını araşdırmağa başlayıb. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Bu günlərdə Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələri Xerson vilayətində olub. Fəlakətdən dərhal sonra baş prokuror Beynəlxalq Cinayət Məhkəməsinə bu fəlakətin araşdırılması ilə bağlı müraciət göndərib. Artıq işlərə başlanılıb. Beynəlxalq ədalət nümayəndələrinin Rusiyanın bu terror aktının nəticələrini və Rusiyanın terroru davam etdirdiyini öz gözləri ilə görmələri çox vacibdir. Su basmış ərazilərin və evakuasiya ərazilərinin rüsvayçı şəkildə atəşə tutulması davam edir" - deyə, Ukrayna prezidenti bildirib.

Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin təhqiqatına yardım edəcəyini vəd edib.

"Bütün hüquq-mühafizə orqanlarımız və digər qurumlarımız bu prosesə mümkün qədər cəlb olunub. Zərər çəkmiş ərazilərə, şahidlərə, bütün məlumatlara, sübutlara tam çıxış imkanı var. Rusiya terrorçuları və terrorçu dövlətin özünün tam və ədalətli şəkildə məsuliyyətə cəlb edilməsi vacibdir. Bu, dünyada bir daha belə pisliklərin təkrar olunmaması üçün zəruri bir şərtdir" - deyə, Zelenski əlavə edib.

Kaxovka Su Elektrik Stansiyasının bəndi iyunun 6-na keçən gecə dağılıb. Bənd Dnepr boyunca Xersondan yuxarı Novaya Kaxovka kəndində yerləşir.

Ukrayna, Avropa İttifaqı və Britaniya baş verənlərə görə Rusiyanı günahlandırıb. Kyiv hesab edir ki, söhbət Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dayandırmaq ümidi ilə "daxili strukturlara zərbə vurmaqdan" gedir.

Rusiya tərəfi ittihamları rədd edib və Kaxovka Su Elektrik Stansiyasının bəndinin dağılmasını "Ukraynanın qəsdən təxribatı" adlandırıb.