Türkiyə Qara dənizdən taxıl ixracının bərpasına dair sazişin iyulun 22-də imzalanacağını deyir

Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı iyulun 22-də İstanbulda Ukraynanın Qara dənizdən taxıl ixracını bərpa etmək üçün saziş imzalayacaq. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi məlumat verib.

Keçən həftə İstanbulda aparılan danışıqlardan sonra tərəflərin limanlar vasitəsilə taxıl daşınmasına icazə verilməsi üçün BMT-nin rəhbərlik etdiyi plan üzrə razılaşmaya yaxın olduğu bildirilir.

İyulun 21-də Ərdoğanın ofisi bildirib ki, danışıqlar zamanı taxıl ixracının bərpası ilə bağlı ümumi razılıq əldə olunub. İndi bu razılaşma tərəflərə yazılı şəkildə təqdim olunacaq.

Müqavilənin detalları hələ ki, məlum deyil.

ABŞ Dövlət Departamenti Türkiyənin açıqlamasını alqışlasa da, Rusiyanın razılaşmanın icrasına görə cavabdeh olmasına diqqət yetirəcəyini bildirib.

Digər tərəfdən Ukrayna Xarici İşlər Nazirliyi iyulun 22-də Türkiyədə BMT-nin rəhbərliyi ilə danışıqların növbəti raundunun keçiriləcəyini bildirib, lakin nazirliyin sözçüsü sənədin imzalanacağını təsdiqləməyib.

“Qısaca olaraq, Qara dənizdə ixrac marşrutlarının təhlükəsiz işləməsini [təmin etmək] üçün tərəfləri məcbur edəcək bir sənəd imzalana bilər” deyə Oleq Nikolenko Reuters-ə bildirib.

Nikolenko bildirib ki, danışıqlarda Ukrayna nümayəndə heyəti yalnız Ukraynanın cənub vilayətlərinin təhlükəsizliyini, ölkənin silahlı qüvvələrinin Qara dənizdəki “güclü mövqelərini” və Ukrayna kənd təsərrüfatı məhsullarının təhlükəsiz ixracını təmin edən qərarları dəstəkləyəcək.

Üstəlik BMT-nin baş katibi Antonio Quterreş iyulun 21-də İstanbula yola düşüb. Lakin BMT-nin mətbuat katibi saziş üzrə razılaşmanın hələ tam müzakirə olunmadığını bildirib.

"Bizim etməyə çalışdığımız şey Ukraynanın və Rusiyanın ərzaq və gübrələrinin qlobal bazarlara çıxmasına imkan verəcək razılaşma əldə etməkdir" - deyə, Nyu-Yorkda BMT-nin mətbuat katibi Farhan Haq bildirib.

Rusiya və Ukrayna ən böyük qlobal buğda tədarükçüləridir, lakin müharibə səbəbindən Ukraynanın Qara dəniz limanları bağlanıb. Rusiya limanların bəzilərini ələ keçirib, digərlərini bombardman edib. Ukrayna isə bəzi limanları Rusiyanın amfibiya hücumundan qorumaq üçün minalayıb.

Moskva ərzaq böhranının pisləşməsinə görə məsuliyyəti rədd edir, əvəzində Qərb sanksiyalarını öz ərzaq və gübrə ixracını yavaşlatmaqda, Ukraynanı isə Qara dəniz limanlarını minalamaqda günahlandırıb.