Fransa, Almaniya və Polşa liderləri Ukraynanın əks-hücum əməliyyatına hərbi dəstək və Kyivə gələcək təhlükəsizlik zəmanətləri barədə danışıqlar aparmaq üçün Parisdə görüşüb.
Almaniya kansleri Olaf Şolts və Polşa prezidenti Anjey Duda ilə birgə Yelisey sarayında keçirilən mətbuat konfransında danışan Fransa prezidenti Emmanuel Makron deyib ki, "Ukraynanın əks-hücum əməliyyatı bir neçə gün əvvəl başlayıb".
Üç ölkənin liderləri birlik nümayiş etdirərək, Ukraynanı lazım olan müddətdə dəstəkləyəcəklərini bəyan ediblər.
"Bu hücum aylar olmasa da, bir neçə həftə ərzində davam edəcək. Biz onlara münaqişənin əvvəlində müəyyən etdiyimiz limitlər çərçivəsində yardım edəcəyik" , Makron bildirib.
O, "yaxın günlərdə və həftələrdə" silah, sursat və zirehli texnikanın çatdırılmasını davam etdirəcəyini vəd edib.
Fransa əks-hücumun "mümkün qədər uğurlu olmasını istəyir ki, [Rusiya ilə] danışıqlar mərhələsi düzgün şəraitdə başlaya bilsin" - deyə, Makron bildirib.
"Ümid edirəm ki, bizim dəstəyimizlə əks-hücum uğurlu olacaq. İnanıram ki, bu qələbə ilə Rusiya silahlı qüvvələri bütün işğal altındakı ərazilərdən çıxarılacaq", bazar günü Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışan Duda deyib.
Üç ölkənin liderləri uzunmüddətli perspektivdə Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətlərinin təfərrüatlarına varmaqdan imtina edib.
"Putinin nəhayət planının iflasa uğradığını, demək olar ki, 16 aydan sonra yüz minlərlə ölü, milyonlarla yaralı və daha çox qaçqınla müharibəni bitirməli olacağını etiraf etməsinin vaxtıdır. O, qoşunlarını geri çəkməli və nəhayət ədalətli sülh üçün ciddi danışıqlara hazırlaşmalı olmalıdır" - deyə, Şolts bildirib.
Təhlükəsizlik zəmanətləri NATO liderləri arasında davam edən danışıqların bir hissəsidir. Onların məqsədi müharibə bitdikdən sonra Ukraynanın yenidən Rusiya tərəfindən hücuma məruz qalmamasını təmin etməkdir.
Bu məsələ NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitinin gündəliyində yer alacaq.