Ukraynalılar Rusiyadakı son xaosun düşmənin məğlubiyyətinə səbəb olacağına ümid edir

Your browser doesn’t support HTML5

Ukraynalılar Rusiyadakı son xaosun düşmənin məğlubiyyətinə səbəb olacağına ümid edir

Rusiya daxilində hökumətlə “Vaqner” özəl hərbi qruplaşması arasında gərginlik artdıqca, cəbhə xəttindəki ukraynalı döyüşçülər Rusiya qüvvələrinə qarşı apardıqları mübarizənin səngimədiyini deyir.

Bir çox ukraynalılar Rusiyadakı son xaosu həyəcanla izləyərək, düşmənlərinin məğlub olacağına və ya heç olmasa özünü zəiflədəcəyinə ümid etdikləri halda, cəbhə xəttindəki əsgərlər döyüşə davam edir.

Onlar deyirlər ki, döyüş meydanında heç bir dəyişiklik müşahidə edilməyib və Rusiya qüvvələri hazırda hücuma keçən ukraynalılara artilleriya zərbələri endirməkdə davam edir. Ukrayna döyüşçüsü Boqdan: "Biz hücuma keçəndə ilk olaraq artilleriyamız işə düşür və ruiyalıs əsgərləri çoxu mövqelərini tərk edir. Cəmi bir neçə, bəlkə iki-üç əsgər qalır. Sonra bir-iki qumbara atırıq və bununla hər şey bitir".

Bir neçə həftədir davam edən əks-hücumda döyüşən əsgərlər kimi o da deyir ki, o, təşvişə düşmüş Rusiya əsgərlərinin döyüş sursatı və dəstək çatışmazlığından şikayət etdiklərini eşidib. Lakin əsgərlər həmçinin Rusiya qüvvələrinin istehkamlar qurmaq və bu ərazini saxlamaq üçün strategiyalar hazırlaması üçün bir ildən çox vaxtı olduğundan döyüşlərin ağır olduğunu deyirlər. Ukrayna hərbi həkimi İvan: "Əgər siz də vəziyyəti izləyirsinizsə, bilirsiniz ki, hücum və şəhərlərin azad edilməsi bizim istədiyimiz qədər sürətlə getmir. Amma onlar kifayət qədər yaxşı irəliləyir".

Bir vaxtlar burada gözəl mənzərəli kəndlərin olduğu yerlərdə indi Ukrayna qüvvələri viranəyə çevrilmiş ərazi uğrunda döyüşür.

Ukraynanın daha dinc şəhər və qəsəbələrində yerli sakinlər Rusiyanın daxilindəki hadisələrin bu müharibənin sonunu sürətləndirəcəyinə ümid etdiklərini deyir. Lakin bunun baş verib-verməyəcəyini söyləmək çətindir. Onlar onu da əlavə edirlər ki, məruz qaldıqları ölüm və dağıntılar hər şeyin xoşbəxt sonluqla bitməsini qeyri-mümkün edir. Zaporijye sakini Valentina Yefimenko: "Neçə gənc öldü? Neçə nəfər əlil oldu? Əşyaları yenidən bərpa etmək olar, amma biz insanların həyatını qaytara bilmərik".

Bir ildən çox atəşə tutulmaqla yanaşı, Zaporijye onlarla insanın ölümünə səbəb olan və bu bölgənin su anbarını nəhəng səhraya çevirən Kaxovka bəndinin dağıdılmasından zərər çəkib və yerli əhali indi yaxınlaşan ərzaq və su böhranının qarşısını almağa çalışır.

Ancaq döyüş bölgəsindəki əsgərlər deyirlər ki, döyüşlər davam edərkən, əsas hədəfdən yayınmaq mümkün deyil. Yuri: "Hər şeyi mümkün qədər tez bitirmək üçün hər şey edirik. Deyərdim ki, motivasiya var. Biz evə getmək istəyirik. Başa düşürük ki, ana vətənimiz Ukrayna azad və toxunulmaz olana qədər evə getməyəcəyik".

O deyir ki, əsgərlər üçün müharibə yalnız Ukrayna qalib gəldiyi zaman bitəcək, bu da onlar üçün Ukraynanın beynəlxalq səviyyədə ərazisi kimi tanınan bütün torpaqlarının geri alınması deməkdir.