Ukrayna rəsmiləri bu həftə Avropa İttifaqına üzvlüklə bağlı danışıqların rəsmi açılışından sonra danışıqların təfərrüatlı və gərgin proses olacağını qəbul edərək bildiriblər ki, onlar artıq Qərbi Avropada yerlərini möhkəmləndirəcək statusa uyğunlaşma yolunda böyük addımlar atıb.
Çərşənbə axşamı Lüksemburqda nazirlər səviyyəsində keçirilən iclasda başlayan proses illər və hətta onilliklər çəksə belə, Kyiv hökuməti blokun sərt standartlarına cavab vermək üçün kənd təsərrüfatı siyasətindən tutmuş insan haqlarına qədər, müxtəlif sahələri üzrə səylə işləməyə sadiq olduğunu bəyan edib.
Avropa və Avro-Atlantika inteqrasiyası üzrə keçmiş Baş nazir müavini, Ukrayna qanunvericisi İvanna Klimpuş-Tsintsadze Amerikanın Səsinə müsahibəsində bu proses "Ukraynanın hazırlıqsız olduğu bir məsələ deyil" deyib.
Onun sözlərinə görə, ölkəsi 2017-ci ildə Avropa İttifaqı ilə bağlanmış assosiasiya sazişi çərçivəsində, xüsusən də vizasız rejimin təmin edilməsi prosesində əhəmiyyətli transformasiyadan keçib.
Ukrayna 2022-ci ilin iyununda, Rusiyanın ölkəyə genişmiqyaslı hərbi müdaxiləyə başlamasından bir neçə ay sonra Avropa İttifaqına üzvlüyünə namizəd kimi rəsmi olaraq təsdiqlənib.
Ukrayna ilə təxminən eyni vaxtda Avropa İttifaqına namizəd kimi təsdiqlənən Moldova da çərşənbə axşamı üzvlüklə bağlı danışıqlara başlayıb.
Avropa Komissiyasının sədri Ursula Von Der Leyen 2023-cü ilin noyabrında Ukrayna parlamentinə etdiyi müraciətdə Ukraynanı bu günə qədər göstərdiyi səylərə görə tərifləyərək, "müharibə şəraitində olan bir ölkədən gözləniləndən çox böyük addımlar atdığını" deyib.
Klimpuş-Tsintsadze Ukraynanın Avropa İttifaqına üzvlük yolunu davam etdirmək üçün onun cəmiyyətinin bütün təbəqələrinin və siyasi fraksiyaların birgə səylərinin zəruriliyini vurğulayıb.
O, "Ukraynanın dövlət qulluğu və dövlət idarəçiliyində real dəyişiklik olmadan, vətəndaş cəmiyyətinin, müxtəlif siyasi partiyaların və maraqlı tərəflərin bütün imkanlarını cəlb etmədən, bəzi məsələlər barədə cəmiyyətlə çox səmimi söhbət etmədən addımlar çətin olacaq" deyib.
Bu addımlar üzvlüyə namizəd hər bir ölkə kimi Ukraynadan da balıqçılıq, vergi, enerji və ətraf mühit vasitəsilə malların sərbəst hərəkətindən tutmuş məhkəmə sisteminə, hüquqlar və təhlükəsizliyə qədər 35 siyasət sahəsini nəzərdə tutan xartiyaya əsasən öz qanunlarını və standartlarını Aİ-nin qanunlarına və standartlarına uyğunlaşdırmağı tələb edir.
Sahələrin hər biri Avropa İttifaqının mövcud 27 üzvünün hamısını qane edəcək şəkildə müzakirə olunmalıdır ki, bu da mürəkkəb və uzunmüddətli prosesdir.
Ukraynanın iqtisadiyyat nazirinin müavini Tatyana Berejna həmkarının Ukraynanın qarşıdakı uzun yola hazır olması ilə bağlı fikirlərini təkrarlayıb. O, Amerikanın Səsinə müsahibəsində qeyd edib ki, Ukrayna "artıq Avropa qanunvericiliyinin icrasını yoxlamağa nail olub".
Artıq bu il Ukrayna rəsmiləri Avropa Komissiyasının nümayəndələri ilə bir neçə izahat sessiyasında iştirak edib.